BAKIDA AZƏRBAYCAN VƏ RUSİYA GİMNASTLARININ GÖRÜŞÜ KEÇİRİLƏCƏK
Komandamızın tərkibi isə belədir: yaşlılar - Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva, yeniyetmələr – Zeynəb Cavadlı, Zülfiyyə Əliyeva, Leyla Şamilova, Nigar Mirzəyeva, Ceyla Quliyeva, Əzizə Səlimbəyova, Cəmilə Hüseynova və Kristina Pavlunina, habelə qrup komandası – Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Anastasiya Prasolova, Alina Tryopina, Səbinə Alxazova və Samirə Əliyeva.
Reqlamentə görə, yaşlı gimnastlar və qrup komandaları çoxnövçülükdə, yeniyetmələr isə proqramın ayrı-ayrı növlərində yarışacaqlar.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, bu ilin bütün yarışları Beynəlxalq Gimnastika Federasiyasının 125-ci ildönümü əlaməti altında keçirilir. Azərbaycan Gimnastika Federasiyası Bakı turniri başa çatandan sonra bu idman birliyinin yubileyi münasibətilə təntənəli qala-şou təşkil edəcəkdir. Şouda Azərbaycan və Rusiya gimnastları da iştirak edəcəklər.
Xatırladaq ki, ötən il oxşar görüş Rusiyada Azərbaycan İli çərçivəsində də keçirilmişdi. Onda yaşlılar arasında Dinara Gimatova qələbə qazanmışdı. Zeynəb Cavadlı yeniyetmələr arasında üçüncü, yaşlılardan və yeniyetmələrdən ibarət qrup komandalarımız isə ikinci nəticəni göstərmişdilər.
İndi D.Gimatova, A.Qurbanova və A.Qarayeva Moskva vilayətinin Novoqorsk şəhərində, qrup komandamız Bakıda, 4 yeniyetmə gimnastımız isə Gəncə Olimpiya Kompleksində bu yarışa hazırlaşırlar.