İQTİSADİYYAT
Bakıda Dünya Gömrük Təşkilatı və Dünya Poçt İttifaqının birgə seminarı keçiriləcək
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 4-dən 7-dək Bakıda Dünya Gömrük Təşkilatı (DGT) və Dünya Poçt İttifaqının (DPİ) birgə seminarı keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Regional Rabitə Birliyinin (RBB) məlumatına görə, Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin təyin edilmiş operatorları üçün nəzərdə tutulan seminarda poçt və gömrük xidmətlərinin birgə əməkdaşlığı sahəsində beynəlxalq təcrübə, poçt göndərişlərinə dair qarşılıqlı elektron məlumat mübadiləsi, elektron ticarət, qadağan olunmuş və təhlükəli mallara qarşı birgə mübarizə və s. məsələlər müzakirə ediləcək. Tədbirdə hər iki qurumdan Azərbaycanla yanaşı, digər region ölkələrinin də aidiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Regional Rabitə Birliyi 1991-ci ildə Moskva şəhərində müstəqil dövlətlərin rabitə administrasiyası başçıları tərəfindən imzalanmış sazişə əsasən yaradılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 1991-ci il dekabrın 17-dən təşkilatın tamhüquqlu üzvüdür. İyirmi beş illik tarixə malik təşkilatın əsas fəaliyyət istiqamətlərinə RRB administrasiyaları arasında qarşılıqlı sərfəli münasibətlərin genişləndirilməsi, elmi-texniki siyasət üzrə məsələlərin koordinasiyası, radio spektr idarəçiliyi, rabitə xidmətləri üzrə tarif siyasəti, kadr hazırlığı, qarşılıqlı informasiya mübadiləsi və s. daxildir.