BAKIDA ƏBÜLQASİM FİRDOVSİNİN ANIM GÜNÜ KEÇİRİLMİŞDİR
Xatirə gecəsində səfirliyin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid Əli Əkbər Ocaq Nicati farsdilli ədəbiyyatın və monumental dünya ədəbiyyatının möhtəşəm abidələrindən olan “Şahnamə”nin müəllifi kimi tanınan Əbülqasim Firdovsinin yaradıcılığı haqqında qısa məlumat vermişdir.
Bildirilmişdir ki, şahlar haqqında kitab olan “Şahnamə”də xaraktercə biri-birindən fərqlənən 50 hökmdarın səciyyəvi xüsusiyyətləri, hakimiyyətləri dövrü və s. əks etdirilmişdir. Vəfa, dostluq, sədaqət, Vətənə məhəbbət hissi, yüksək insani keyfiyyətlərin təbliğ olunduğu əsərdə Xeyir ilə Şərin, İşıq ilə Zülmətin arasındakı əbədi mübarizə və bu mücadilədə Xeyirlə, İşıqla bağlı qüvvələrin qələbəsi ön plana çəkilmişdir.
Tanınmış alimlər - filologiya elmləri doktoru, filosof Tofiq Cahangirli, BDU-nun şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, yazıçı Əlibala Hacızadə və başqaları Əbülqasim Firdovsinin “Şahnamə” əsərinin nəinki Şərq, hətta Qərb ədəbiyyatına da böyük təsirindən danışmışlar. Qeyd olunmuşdur ki, “Şahnamə”nin Azərbaycanda sevilə-sevilə oxunan ayrı-ayrı dastanlarını Rəşid bəy Əfəndiyev, Abbas ağa Qaibov, M.Ə.Sabir, A.Şaiq, M.Müşfiq, M.Seyidzadə kimi tanınmış ədiblər müxtəlif illərdə dilimizə tərcümə etmişlər.
Bildirilmişdir ki, “Şahnamə”nin ən kamil və bütov tərcüməsini şərqşünas alim, əməkdar elm xadimi, filologiya elmləri doktoru Mübariz Əlizadə etmişdir. Alimin qızı və davamçısı, filologiya elmləri namizədi Nüşabə Əlizadə xatırlatmışdır ki, Ə.Firdovsi “Şahnamə”ni 30 ilə yazmış, təsadüfən M.Əlizadə də ömrünün 30 ilini bu əsərin tərcüməsinə həsr etmişdir.
İrandan gəlmiş şair Ağayi-Ənişə Firdovsi yaradıcılığından nümunələr söyləmiş, onu dünya xalqlarının şairi kimi səciyyələndirmiş və Bakıda keçirilən anım gününün xalq arasında körpü rolunu oynadığını söyləmişdir.