Bakıda keçirilən idman dırmanması üzrə açıq respublika çempionatı başa çatmışdır
Bakı, 12 noyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə noyabrın 9-10-da keçirilən idman dırmanması üzrə açıq respublika çempionatı uğurla başa çatmışdır.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “ClimBaku” idman dırmanması mərkəzində təşkil edilən yarışda FAİREX-in “Salavat”, “Ekstralife”, “Şahdağ”, “Zirvə”, “Qaya qartalları”, “Ekosport”, “Climber”, “Gənclik”, “AMEAST”, “Qərb Universiteti”, “Tanrıdağ”, “Gəncə”, “İrəli”, “Rockstone”, “Blackstone”, “Şəki”, “Kəpəz”, “Kyanit”, “Qafqaz” və digər klubların idmançıları ilə yanaşı, İran İslam Respublikasından olan idmançılar da birinci yer uğrunda mübarizə aparmışlar.
Çempionat kişilər və qadınlar arasında boulderinq, çətinlik və sürət növləri üzrə keçirilmişdir.
Sürət mərhələsi üzrə yarışda “Ekosport” idman klubunun üzvləri Çingiz Tağızadə və Reyhan Məmmədova birinci yeri tutmuşlar.
Çətinlik mərhələsi üzrə mübarizədə Hossein Famil Rohani (İran İslam Respublikası) və Könül Hüseynova (“Kyanit”) birinci yerə layiq görülmüşlər.
Boulderinq mərhələsi üzrə yarışda isə oğlanlardan Çingiz Tağızadə (Ekosport), qızlardan isə Aysel Sultanova (Ekosport) birinci olmuşlar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə medal və sertifikatlar təqdim olunmuşdur.