BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatlarını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən bostan və tərəvəz məhsulları çıxarılmışdır.
Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Hacıqabul, Gədəbəy, Salyan və Tovuz rayonlarından gətirilmiş müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyi şöbə müdirinin müavini Fərhad Qəmbərovun sözlərinə görə, bu gün şəhər sakinlərinə 11,6 ton məhsul, o cümlədən 3 ton ət, 0,5 ton süd, 1,7 ton meyvə, 2 ton bostan məhsulu, 3,4 ton tərəvəz, 1 ton kartof, 10 min yumurta təklif olunur. Alıcılar - evdar qadın Tamara Məmmədova, pensiyaçı Əli Əliyev və başqaları yarmarkada yaradılmış şəraitdən razılıqlarını bildirirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, bu gün Samux, Balakən və digər rayonlardan yarmarkaya 2,5 tondan çox meyvə-tərəvəz, Qobustandan isə 1,6 ton mal və qoyun əti gətirilmişdir. “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 5 tona yaxın məhsul çıxarmışdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Salyan, Sabirabad, Kürdəmir, Quba, Şəmkir, Ağstafa, Ucar, Ağcəbədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, bostan, konserv və ağartı məhsulları təklif edirdi. Öyrəndik ki, şənbə günü rayonun ərazisindəki iki yarmarkada (ikinci yarmarka metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı “Ordubad” kiçik müəssisəsinin ticarət mərkəzində fəaliyyət göstərir) satışa 249 tondan çox məhsul çıxarılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfov dedi ki, yarmarkanı məhsulla təmin edən rayonların rəhbərləri bu işin təşkilinə yüksək diqqət göstərir, fermerlərin köməyi ilə paytaxt sakinlərinin keyfiyyətli meyvə-tərəvəzə tələbatını ödəmək üçün təşkilati tədbirlər görürlər. Şəmkir rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Pərviz Tağızadə isə bildirir ki, yarmarkaların işində ilk gündən iştirak edirlər. İndiyədək 3 min tona yaxın məhsul gətirib satmışlar. Artıq növbəti yarmarkaya çıxaracaqları məhsulun çeşidini və həcmini müəyyənləşdirmişlər.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada paytaxt sakinlərinə Salyan, Qusar, Dəvəçi, Astara və Beyləqan rayonlarından gətirilmiş 55 tondan çox məhsul təklif olunurdu. Salyandan üzüm gətirmiş Salman Babayev dedi ki, h
əyətyanı sahəsində yetişdirdiyi məhsulun çox hissəsini burada satmışdır. Fermer yaradılmış şəraitdən razılığını bildirərək dedi ki, hazırda yetişməkdə olan 3 tondan çox məhsulu var və onu da bu yarmarkada satacaqdır.Yarmarkada üzümün kiloqramı 50-60, şaftalı 40-60, pomidor 30, qarpız 10 qəpiyə, mal əti 3 manat 40, qoyun əti isə 4 manat 10 qəpiyə təklif olunurdu.
Səbail rayonunun Badamdar qəsəbəsindəki yarmarkada satışa Ağdaş, Salyan, Masallı və Saatlı rayonlarından 25 tondan çox məhsul çıxarılmışdı.
Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkaya Xaçmaz, İmişli, Salyan, Tovuz, Astara, Neftçala, Oğuz və Qobustan rayonlarından 43 ton meyvə-tərəvəz və bostan bitkiləri gətirilmişdi. Burada alıcılara bazar qiymətindən ucuz qiymətə 3,7 ton qoyun və mal əti, 1,3 ton süd məhsulları, 4,7 ton tərəvəz, 4 ton kartof, 5 ton bostan bitkiləri, 24,3 ton meyvə və s. məhsullar təklif olunurdu.