BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də Bakı şəhərinin 7 rayonunda əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə, bostan və tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Sabirabadın Güdəcühür kəndindən Ziyafət Rzayev satışa 1 ton badımcan, bibər, lobya, heyva, xurma, xiyar, nar, İsmayıl Mirzəliyev isə Gədəbəyin Qaramuradlı kəndindən pendir gətirmişdilər. Onlar bu məhsulları bazar qiymətlərindən nəzərəçarpacaq dərəcədə ucuz satırdılar.
Gədəbəy Rayonu İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Məzahir Əliyevin verdiyi məlumata görə, 2006-cı ildən başlayaraq yarmarkaya müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirirlər. Bu il Gədəbəy fermerləri bol məhsul yetişdirmişlər. Onlar paytaxt sakinlərini ilboyu keyfiyyətli meyvə-tərəvəzlə təmin edəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, bu gün yarmarkaya 23,1 ton məhsul, o cümlədən 2 ton ət, 10,5 ton tərəvəz, 1,5 ton meyvə, 7,5 ton kartof, 1 ton bostan bitkisi, 0,1 ton taxıl, 0,5 ton süd, 20 min ədəd yumurta gətirilmişdir. Qiymətlər isə bazardakından 20-30 faiz aşağıdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Balakən, Samux, Daşkəsən, Cəlilabad, Salyan və Biləsuvar rayonlarının fermərləri satışa 51 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov dedi ki, burada satılan məhsulların qiymətləri bazardakından 25 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə cəlilabadlı fermerlər satışa 5 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi Səfəralı Nəsirovun sözlərinə görə, qiymətlərin bazardakından 25 faiz ucuz olduğu yarmarkada heyvanlar baytar nəzarəti altında kəsilir və əhaliyə təklif olunur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, bostan bitkiləri, konserv məhsulları, ət və ağartı təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfov dedi ki, alıcıların çoxluğunun əsas səbəbi burada qiymətlərin bazarlardakından ucuz olmasıdır. Əlbəttə, satışa çıxarılan məhsulların təzəliyi, keyfiyyəti də həlledici amildir. Bu gün yarmarkada satışa 216 ton kənd təsərrüfatı məhsulu çıxarılmışdır. Məhsul gətirənlər arasında Şəmkir fermerleri fərqlənirlər. Onlar bakılılara 10 ton kələm, 8 ton pomidor, 4 ton soğan, 22 ton kartof, 1 ton bibər v. s. təklif edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirdi ki, Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şəhər sakinlərinə Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz və Qobustan fermerləri 28 adda, 98,7 ton kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Xaçmaz Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Salmanşah Pənahov məlumat verdi ki, fermerlərimiz paytaxt sakinlərinə 51 ton meyvə-tərəvəz göndərmiş və xaçmazlılar növbəti yarmarkalarda da həvəslə iştirak edəcəklər.
Yarmarkaya Giləzi və Goradil broyler fabriklərindən 35 min ədəd yumurta gətirilmişdi.
Paytaxtda satış yarmarkalar bazar günü də davam etdiriləcəkdir.