BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə
kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Mühəndis Kamil İsrafilov yarmarkanın yaxınlığında yaşadığını, hər şənbə, bazar günləri buradan alış-veriş etdiyini bildirdi. Digər bazarlara baxanda yarmarkada ucuzluqdur. Pensiyaçı Gülnaz Hacıyeva, evdar qadın Suriyyə Nəcəfova və başqaları təzə və keyfiyyətli məhsulların qiymətinin bazardakından ucuz olduğuna görə razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü əhaliyə 11,9 ton məhsul, o cümlədən 1,6 ton ət, 0,2 ton ağartı, 6 ton tərəvəz, 3 ton kartof, 0,5 ton bostan məhsulları, 0,6 ton meyvə, 20 min ədəd yumurta təklif edilmişdir. Ümumilikdə, şənbə və bazar günləri bu yarmarkada paytaxt sakinlərinə 35 ton məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada, şənbə və bazar günləri paytaxt sakinlərinə 40 ton kartof, 64 ton meyvə, 13,3 ton ət, 89,8 ton tərəvəz və digər kənd təsərrüfatı məhsulları satılmışdır. Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş bu məhsullar alıcılara bazardakından xeyli ucuz qiymətə təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirdi ki, bazar günü Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şəhər sakinlərinə Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala, Oğuz və Qobustandan gətirilmiş kənd təsərrüfatı məhsulları satılmışdır.