BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 16-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bu gün burada əhaliyə 19,2 ton məhsul, o cümlədən 4 ton ət, 0,5 ton ağartı, 4 ton tərəvəz, 7 ton kartof, 1 ton bostan bitkisi, 2,5 ton meyvə, 15 min ədəd yumurta, 0,2 ton bal təklif olunur. Qiymətlər bazardakından 20-25 faiz aşağıdır.
Yarmarkada mal ətinin kiloqramı 3 manat 40 qəpiyə, qoyun əti 3 manat 60-3 manat 80 qəpiyə, quş əti 2 manat 70-2 manat 80 qəpiyə, soğan 20, kök 50, çuğundur və alma 1 manat 60-1 manat 20 qəpiyə, armud 70 qəpik-1 manat 50 qəpiyə, kartof 50-60 qəpiyə, yumurtanın bir ədədi 10 qəpiyə satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri satışa 25-tona yaxın məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, burada satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri alıcılara qiyməti bazardakından 25-30 faiz ucuz olan 4 tona yaxın məhsul təklif edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada şəhər əhalisinə alma, kələm, kartof, arıçılıq, heyvandarlıq məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rafiq Nəcəfovun verdiyi məlumata görə, bu gün Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Qəbələ, Şəki, Şəmkir və Biləsuvar rayonlarından 126,5 ton meyvə-tərəvəz gətirilmişdir.
Şəhər sakinləri təzə, keyfiyyətli məhsulların bazarlardakından xeyli ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə minnətdarlıq edirdilər.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Qusar, Dəvəçi, Astara və digər rayonlardan satışa 20 ton tərəvəz, 7 ton kartof, 24 ton meyvə, 2 ton ət və ümumilikdə isə 62 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Astaradan 1 ton naringi gətirmiş Qurban Bayramov dedi ki, hər həftə bura məhsul gətirir. Son zamanlar beş tondan çox məhsul satmışdır.
Yarmarkada kartofun kiloqramı 30-60, soğan, kələm 30 qəpiyə, alma 50 qəpik - 1 manat 50 qəpiyə, nar 1 manata, naringi 1 manat - 1 manat 20 qəpiyə, mal əti 3 manat 60 qəpiyə, qoyun əti 4 manat 20 qəpiyə təklif olunurdu.
Alıcılar yaradılmış şəraitdən, qiymətlərin ucuzluğundan və keyfiyyətdən razılıq edirdilər.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Saatlı, Salyan, Masallı rayonlarından gətirilmiş 8 tondan çox məhsul satılırdı.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarının fermerləri satışa meyvə-tərəvəz, ət-süd məhsulları, Buzovna, Mərdəkan, Giləzi, Goradil broyler fabriklərinin təmsilçiləri quş əti və yumurta çıxarmışdılar.
Burada mal ətinin kiloqramı 3 manat 60 qəpiyə, qoyun əti 4 manata, quş əti 2 manat 70 qəpiyə, soğan 20, kök 50, çuğundur və alma 40, armud 80, kartof 40-50, mandarin 80 qəpiyə, yumurtanın bir ədədi 8 qəpiyə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov sayca 167-ci olan bugünkü yarmarkaya 101,6 ton məhsul gətirildiyini bildirdi.
######
![]() |
![]() |

