BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Göyçay, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin verdiyi məlumata görə, bazar günü burada əhaliyə 14,75 ton məhsul, o cümlədən 2,8 ton ət, 0,4 ton ağartı, 3 ton tərəvəz, 6,5 ton kartof, 0,5 ton bostan bitkisi, 1,5 ton meyvə, 10 min ədəd yumurta, 0,05 ton bal satılmışdır. Şənbə, bazar günləri bu rəqəm 33,95 ton olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax və Ağsu rayonlarının fermerləri əhaliyə keyfiyyətli kələm, çuğundur, alma, kartof, kök və digər kənd təsərrüfatı məhsulları təklif edirdilər. Qiymətləri bazardakından 20-30 faiz ucuz olan həmin məhsullar həvəslə alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, şənbə və bazar günləri yarmarkaya 27 ton məhsul çıxarılmışdır.
Binəqədi rayonundakı 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunmuş yarmarkada da şəhər sakinlərinə ucuz qiymətlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif edilmişdir.
İşçi qrupunun rəhbəri Sabir Əhədov bildirmişdir ki, yarmarkaya Goranboy, Bərdə və Ağstafa rayonlarından 20 tondan artıq məhsul gətirilmiş və satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada satışa Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarından gətirilmiş 25 tona yaxın məhsul çıxarılmışdı. Burada satılan məhsulların qiymətləri bazardakından 25-30 faizə qədər ucuz olmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya isə Cəlilabad rayonunun fermerləri 4 tona yaxın məhsul gətirmişdilər. Burada da qiymətlər bazardakından 25-30 faiz ucuz idi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada şənbə və bazar günləri paytaxt sakinlərinə Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Qəbələ, Şəki, Şəmkir və Biləsuvar rayonlarından gətirilmiş 25 ton kartof, 50 ton meyvə, 13 ton ət, 31 ton tərəvəz və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
Yarmarkada qiymətlərə və çəkinin düzlüyünə nəzarət edilir, ət baytar həkimin nəzarəti altında satılır, ərazidə təmizliyə riayət olunurdu.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarının fermerləri satışa 101,6 ton meyvə-tərəvəz, ət-süd məhsulları, Mərdəkan, Giləzi, Goradil broyler fabriklərinin təmsilçiləri quş əti və yumurta çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri burada səliqə-sahmana və qiymətlərə nəzarət edirdilər. Alıcılar yaradılmış şəraitə, qiymətlərin ucuzluğuna və məhsulların keyfiyyətinə görə razılıqlarını bildirirdilər.
######
![]() |
![]() |

