BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 26-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, yarmarkaya 20,73 ton məhsul, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 6 ton tərəvəz, 5 ton kartof, 4 ton bostan məhsulları, 4 ton meyvə, 10 min ədəd yumurta, 30 kiloqram bal gətirilmişdir. Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 70-4 manata, bal 9-10 manata, xiyar 20-80, çuğundur, yerkökü 80, pomidor, lobya, kartof, soğan 30-40, alma 50-60 qəpiyə, armud 80 qəpik-1 manata, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılır.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa 54 tondan çox məhsul çıxarılmışdı. Paytaxt sakinləri qiymətlərin ucuzluğundan və məhsulun keyfiyyətindən razılıq edirdilər.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Salyan, Ağdaş və digər rayonlardan gətirilmiş 19 tondan çox məhsul satılırdı. Burada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmiş, piştaxtalar, çətirlər quraşdırılmışdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada Salyan, Ağcabədi, Şəmkir və digər rayonların fermerləri paytaxt sakinlərinə 306,6 ton məhsul təklif edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar və Lənkəran rayonlarının fermərləri 60 tondan çox məhsul gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun dediyinə görə, yarmarkada satılan məhsulların qiyməti bazardakından 30-35 faiz ucuz olmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri alıcılara 8 tondan çox məhsul təklif edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısında təşkil olunmuş yarmarkada Ağsu və Qazax fermerləri satışa 28,4 ton meyvə-tərəvəz, müxtəlif heyvandarlıq məhsulları çıxarmışdılar. Alıcılar burada bazarlıq etməyin onlar üçün münasib olduğunu söyləyirdilər.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da şəhər sakinlərinə təzə qarpız, kələm, pomidor, kartof, xiyar, badımcan və süd məhsulları təklif olunurdu. Burada qiymətləri bazardakından xeyli ucuz olan kənd təsərrüfatı məhsulları həvəslə alınırdı.
Məlumat verildiyi kimi, əvvəllər Nərimanov rayonundakı Keşlə ticarət mərkəzində fəaliyyət göstərmiş yarmarka həmin rayonda yeni ünvana (Əliyar Əliyev küçəsi, 26) köçürülmüşdür. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, şənbə günü buraya Xaçmaz, Tərtər, İmişli, Tovuz, Beyləqan, Oğuz, Daşkəsən, Neftçala və digər rayonlardan 32,1 ton məhsul gətirilmişdir. Paytaxt sakinləri qiymətləri bazardakından 20-25 faiz ucuz olan bu məhsulların keyfiyyətindən razılıq edirdilər.
######
![]() |
![]() |

