BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 2-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 23,82 ton məhsul, o cümlədən 1,5 ton ət, 0,3 ton ağartı, 7 ton tərəvəz, 4 ton kartof, 5 ton bostan məhsulları, 6 ton meyvə, 11 min ədəd yumurta, 20 kiloqram bal gətirilmişdi. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı idi. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 70-3 manat 80 qəpiyə, bal 9-10 manata, armud 60-70-80, alma 30-40-60, çuğundur, yerkökü 50-60-70, pomidor, kartof, badımcan 20-30-40, soğan, kələm 50, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılırdı.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada satışa Salyan, Qusar, Quba, Xaçmaz və digər rayonlardan gətirilmiş 60 tondan çox məhsul çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgarovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 25-30 faiz aşağı olduğu üçün paytaxt sakinləri iki gün ərzində buradan istədikləri məhsulu ucuz qiymətə əldə edə bilirlər.
Təqaüdçü Səyyarə Mirzəyeva demişdir ki, son bir ayda qohumları ilə ancaq burada bazarlıq edirlər. Qiymətlər münasib, məhsullar keyfiyyətlidir.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Salyan, Ağdaş və digər rayonların fermerləri alıcılara bazardakından iki dəfə ucuz qiymətə kartof, soğan, qarpız, badımcan, bibər, pomidor, yemiş, xiyar təklif edirdilər. Satışa 14 tondan çox kənd təsərrüfatı məhsulu çıxarılmışdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində şəhər sakinləri Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş meyvə-tərəvəzi, ağartını, bostan və konserv məhsullarını həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Seyfəddin Şirinovun verdiyi məlumata görə, bu gün rayonun ərazisində fəaliyyət göstərən yarmarkada satışa 310 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Burada kələmin kiloqramı 50, qarpız 20, armud 80 qəpiyə, üzümün kiloqramı 1 manat 80 qəpiyə satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar və Lənkəran rayonlarının fermərləri satışa 60 tondan çox məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkada satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar boldur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razılıq edirlər.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri qiyməti bazardakından 25-30 faiz ucuz olan 9 tona yaxın məhsul satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada sakinlər Qazax və Ağsu rayonlarından gətirilmiş müxtəlif çeşiddə təzə və keyfiyyətli meyvə-tərəvəzi və süd məhsullarını həvəslə alırdılar. Onlar təklif olunan məhsulların qiymətlərinin bazardakından xeyli ucuz olduğunu bildirirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Qazax və Ağsu rayonlarından yarmarkaya 26 tondan çox məhsul gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada bolluq nəzərə çarpırdı. Burada satılan məhsulların da qiymətləri bazardakından 40-45 faiz ucuz idi.
Nərimanov rayonunda Əliyar Əliyev küçəsi, 26-da təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Beyləqan, Oğuz, Daşkəsən, Neftçala və digər rayonların fermerləri satışa 38 ton meyvə-tərəvəz, ət və süd məmulatları, konserv məhsulları çıxarmışdılar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Bayramov bildirmişdir ki, rayonda məhsuldarlıq yüksəkdir, fermerlər yarmarkaya 30 ton məhsul gətirmişlər.
Giləzi broyler fabrikinin nümayəndələri isə alıcılara quş əti və 10 min ədəd yumurta təklif edirdilər.
######
![]() |
![]() |

