BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 21,3 ton məhsul, o cümlədən 2 ton ət, 0,3 ton ağartı, 5 ton tərəvəz, 4 ton kartof, 5 ton bostan məhsulları, 5 ton meyvə, 8 min ədəd yumurta gətirilmişdi. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı idi. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 4 manata, bal 9-10 manata, armud 80, alma 50-80, çuğundur, yerkökü 70-80, pomidor, kartof, badımcan 20-40, soğan, kələm 40-50, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə təklif olunurdu.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan rayonundan gətirilmiş 25 tondan çox pomidor, üzüm, bibər, badımcan, qarpız və s. satılırdı. Ümumilikdə burada satışa 76 tondan çox məhsul çıxarılmışdı. Paytaxt sakinləri meyvə-tərəvəzin keyfiyyətindən və qiymətinin ucuzluğundan razılıq edirdilər.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada alıcılara Salyan, Ağdaş, Sabirabad və digər rayonlardan gətirilmiş 17 tondan çox məhsul təklif olunurdu. Burada pomidorun kiloqramı 30-40, xiyar 50- 60, soğan 25-30, bibər 40-60 qəpiyə, üzüm 70 qəpik-1 manata satılırdı.
Yarmarkanın ərazisində alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, piştaxtalar, çətirlər quraşdırılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada sakinlər ucuz qiymətlərə satılan meyvə-tərəvəz və heyvandarlıq məhsullarını həvəslə alırdılar. Burada Kürdəmir, Quba, Şəmkir, Qax, Salyan fermerləri satışa 267 ton kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermərləri sakinlərə 56 tondan çox məhsul təklif edidilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, yarmarkada satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar çoxluq təşkil edir. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 11 tondan çox məhsul çıxarmışdılar. Burada da qiymətlər bazardakından 30-35 faiz ucuz idi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax rayonlarından gətirilmiş 28 tondan artıq meyvə-tərəvəz, süd və bostan məhsulları alıcılara bazardakından 25-30 faiz ucuz qiymətlərə təklif edilirdi.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada bərdəli, ağstafalı və goranboylu fermerlər də münasib qiymətlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinovun verdiyi məlumata görə, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi, 26-da təşkil olunmuş yarmarkada Xaçmaz, Neftçala, İmişli, Daşkəsən, Beyləqan, Oğuz, Tovuz, Tərtər və digər rayonların fermerləri satışa 44,6 ton kənd təsərrüfatı məhsulu, İmişli, Mərdəkan broyler fabriklərinin nümayəndələri isə 10 min ədəd yumurta çıxarmışdılar.
Alıcılar Tükəzban Əhmədova və Əminə Xuduyeva qışa tədarük etmək üçün aldıqları pomidor, xiyar, badımcan və bibərin keyfiyyətindən, ümumiyyətlə, yarmarkada yaradılmış şəraitdən, qiymətlərin münasibliyindən razılıqlarını bildirirdilər.
######
