BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 17,5 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 4,5 ton tərəvəz, 2,6 ton kartof,4,2 ton bostan məhsulları, 5 ton meyvə, 8 min ədəd yumurta gətirilmişdi. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 4 manata, bal 9-10 manata, armud 80, alma 60-80, çuğundur, yerkökü 70-80, pomidor, kartof, badımcan 30-40, soğan, kələm 40-50, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində şəhər sakinləri Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş meyvə-tərəvəz, ağartı, bostan və konserv məhsullarını həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun verdiyi məlumata görə, bazar günü rayonun ərazisində fəaliyyət göstərən yarmarkada 279 tondan çox kənd təsərrüfatı məhsulu satılmışdır. Yarmarkada satılan məhsulların qiyməti bazardakından 20-25 faiz ucuz olmuşdur.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri satışa 59 ton məhsul çıxarmışdılar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri 9 tondan çox məhsul satmışlar. Burada qiymətlər bazardakından 30-35 faiz ucuz olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Qazax rayonundan 14,7 ton, Ağsu rayonundan isə 11,6 ton məhsul gətirilmişdir. Burada pomidor, üzüm, xiyar, kələm, alma, badımcan, qoz və digər meyvə-tərəvəz, süd və bostan məhsulları bazardakından 30-35 faiz ucuz qiymətlərə satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri alıcılara münasib qiymətlərə müxtəlif kənd təsərrüfatı məhsulları təklif etmişlər.
Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26-da təşkil olunmuş yarmarkada şənbə və bazar günləri Xaçmaz, Neftçala, İmişli, Daşkəsən, Beyləqan, Oğuz, Tovuz, Tərtər və digər rayonların fermerləri satışa 46 ton kənd təsərrüfatı məhsulu, İmişli, Mərdəkan broyler fabriklərinin nümayəndələri isə 10 min yumurta çıxarmışdılar.
Xaçmaz rayon İcra hakimiyyəti başçısının nümayəndəsi Ceyhun Bayramovun sözlərinə görə, xaçmazlılar yarmarkaya 18 ton məhsul gətirmişlər. Alıcılar təklif olunan meyvə-tərəvəzin qiymətindən və keyfiyyətindən razı qalmışlar.
######
![]() |
![]() |

