BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 23,2 ton məhsul, o cümlədən 2 ton ət, 0,3 ton ağartı, 5,5 ton tərəvəz, 4,4 ton kartof, 5 ton bostan məhsulları, 6 ton meyvə, 8 min ədəd yumurta gətirilmişdi. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı idi. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə-4 manata, bal 9-10 manata, armud, üzüm, alma 50-80, çuğundur, yerkökü 70-80, kartof, badımcan, kələm, soğan 40-50, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri alıcılara alma, armud, nar, üzüm, kartof, tərəvəz, ümumiyyətlə 272 ton məhsul təklif edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri satışa 59 ton məhsul çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkada satılan məhsulların qiyməti bazardakından 35-35 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar çoxluq təşkil edir. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 10 tondan çox məhsul çıxarmışlar.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya Salyan, Quba, Xaçmaz, Astara və digər rayonlardan 75 tondan çox məhsul gətirilmişdi. Paytaxt sakinləri pomidor, üzüm, bibər, badımcan, qarpız və digər məhsulları həvəslə alırdılar.
Salyandan üzüm gərirmiş Aqşin Balayev dedi ki, son üç həftə ərzində burada 3 tondan çox məhsul satmışdır. Məhsulun kiloqramını 1 manata təklif edən fermer bildirmişdir ki, bundan sonra da yarmarkaya məhsul gətirəcəkdir.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Salyan, Ağdaş, Sabirabad və digər rayonların fermerləri satışa üzüm, alma, kartof, pomidor, xiyar, ağartı, mal və quş əti çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Qazax rayonundan 14,7 ton, Ağsu rayonundan isə 11,6 ton məhsul gətirilmişdir. Burada pomidor, üzüm, xiyar, kələm, alma, badımcan, qoz və digər meyvə-tərəvəz, süd və bostan məhsulları bazardakından 30-35 faiz ucuz qiymətlərə satılır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və Bərdə fermerləri alıcılara münasib qiymətlərə kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi F. Eminov bildirmişdir ki, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26-da təşkil olunmuş yarmarkada Xaçmaz, Neftçala, İmişli, Daşkəsən, Beyləqan, Oğuz, Tovuz, Tərtər və digər rayonların fermerləri sakinlərə 47,2 ton kənd təsərrüfatı məhsulu, İmişli broyler fabrikinin nümayəndələri isə 10 min yumurta təklif etmişlər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Bayramov bildirmişdir ki, xaçmazlılar satışa 28 ton məhsul çıxarmışlar. Gələn ay bu rəqəm daha da artacaqdır.
######
![]() |
![]() |

