BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 16,3 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 4,5 ton tərəvəz, 2,6 ton kartof, 4 ton bostan məhsulları, 4 ton meyvə, 8 min ədəd yumurta gətirilmişdi. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı idi. Belə ki, qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə-4 manata, bal 9-10 manata, armud, üzüm, alma 50-80, çuğundur, yerkökü 70-80, kartof, badımcan, kələm, soğan 40-50, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər sakinləri təklif olunan müxtəlif çeşidli meyvə-tərəvəzi və heyvandarlıq məhsullarını həvəslə alırdılar.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş 6 ton ət, 75 ton meyvə və digər məhsullar satılmışdır. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulların qiymətinin bazardakından 20-25 faiz ucuz olduğuna görə razılıq edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermərləri iki gün ərzində 59 tondan çox məhsul satmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, müqəddəs Ramazan bayramı ilə əlaqədar yarmarkaya gətirilmiş məhsulların miqdarı və çeşidləri artırılmışdır. Qiymətlər bazardakından 30-35 faizə qədər ucuz olmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 10 tondan çox məhsul çıxarmışdılar.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Quba, Xaçmaz, Astara və digər rayonlardan 75 tondan çox məhsul gətirilmişdi.
Salyan rayonundakı “Müzadil” kəndli fermer təsərrüfatının nümayəndəsi Qamət Nəbiyev satışa çıxardığı üzümün alıcılar tərəfindən həvəslə alındığını və növbəti yarmarkaya daha çox məhsul gətirəcəyini bildirdi.
Astaralı Babayar Heydərov da alıcıların tələbatını nəzərə alaraq yarmarkaya konservləşdirməyə yararlı pomidor gətirmişdi.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya təzə badımcan, xiyar, kələm, üzüm, pomidor, digər çeşiddə meyvə-tərəvəz və süd məhsulları gətirilmişdi.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, şənbə və bazar günlərində yarmarkada 26 tonadək meyvə-tərəvəz və heyvandarlıq məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Goranboy və Ağstafa fermerləri də satışa müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26-da təşkil olunmuş yarmarkada şənbə və bazar günləri Xaçmaz, Neftçala, İmişli, Daşkəsən, Beyləqan, Oğuz, Tovuz, Tərtər və digər rayonların fermerləri sakinlərə 50 tona yaxın kənd təsərrüfatı məhsulu, İmişli, Mərdəkan broyler fabriklərinin nümayəndələri isə 10 min yumurta təklif etmişlər.
######
