BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Gədəbəyli Səlim Qarayev satışa 1 ton kartof, soğan, badımcan, hacıqabullu Cavad Mirzəliyev isə alma, armud, pendir çıxarmışdılar. Onlar hər həftə yarmarkada məhsul satdıqlarını bildirdilər.
Pensiyaçı Gülnar Quliyeva yarmarkanın yaxınlığında yaşadığını, hər şənbə-bazar buradan alış-veriş etdiyini bildirib dedi ki, bazarla müqayisədə yarmarkada ucuzluqdur.
Evdar qadın Səbinə Nəcəfova, mühəndis Qabil Əhmədov və başqaları təzə və keyfiyyətli məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Şaiq Əzimovun verdiyi məlumata görə, bu gün yarmarkaya 24,3 ton məhsul, o cümlədən 2,5 ton ət, 0,3 ton ağartı, 6 ton tərəvəz, 6 ton meyvə, 4,5 ton kartof, 8 min ədəd yumurta gətirilmişdir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri meyvə-tərəvəz, bostan bitkiləri, konserv məhsulları, ət və ağartı satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov dedi ki, alıcıların çoxluğunun əsas səbəbi burada qiymətlərin bazarlardakından ucuz olmasıdır. Əlbəttə, satışa çıxarılan məhsulların təzəliyi, keyfiyyəti də həlledici amildir. Bu gün yarmarkaya 272 tondan çox kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri satışa 62 tondan çox məhsul çıxarmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun dediyinə görə, yarmarkada satılan məhsulların qiyməti bazardakından xeyli ucuzdur. Satışda meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konserv boldur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri alıcılara 10 tondan çox məhsul təklif edirdilər.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Quba, Xaçmaz, Astara və digər rayonlardan 79 tondan çox məhsul gətirilmişdi.
Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri rayonun fermer təsərrüfatlarından paytaxta ümumilikdə 30 tondan çox keyfiyyətli meyvə-tərəvəz, bostan məhsulları və s. gətirildiyini bildirdilər. Onların verdiyi məlumata görə, Xətai və Nərimanov rayonlarında da Salyandan gətirilmiş kənd təsərrüfatı məhsulları satılır.
Alıcı Pərviz Mehdiyevin Astaradan çay, limon, xiyar, pomidor gətirmiş Asif Əliyevə müraciəti diqqətimizi cəlb etdi:
- Payız mövsümü başlayıb, sahələrdə hələ məhsul varmı, qiymətləri bahalaşdırmayacaqsınız ki?
Fermerin cavabı konkret oldu:
- Narahatlığa əsas yoxdur, sahələrdə yığılmamış məhsulumuz çoxdur, qiymətləri də artırmayacağıq.
Yarmarka bazar günü davam edəcəkdir.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Salyan, Ağdaş, Sabirabad və digər rayonlardan gətirilmiş 17 tondan çox məhsul çıxarılmışdı.
Məhsulların qiymətindən və keyfiyyətindən razılıq edən alıcılar ailə büdcəsinə xeyli qənaət etməyə imkan verən yarmarkaların müntəzəm keçirilməsini alqışlayırdılar. Təqaüdçü Səyyarə Mirzəyeva bildirdi ki, əvvəllər maaşımız artanda biz bu artımı almamış bazardakı möhtəkirlər məhsulların qiymətlərini qaldırırdılar. İndi isə yarmarkalar möhtəkirlərin özbaşınalığına son qoymuşdur. Bu gün yarmarkadan 4 manat 50 qəpiyə mal əti aldım, halbuki bazarda 6 manatdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsu və Qazax rayonlarından müxtəlif çeşiddə tərəvəz, meyvə, süd və bostan məhsulları, o cümlədən pomidor, üzüm, kartof, alma, xiyar, bibər, badımcan və s. gətirilmişdi. Şəhər sakinləri havaların yağmurlu olmasına baxmayaraq burada həvəslə bazarlıq edir, istədikləri məhsulları xeyli ucuz qiymətlərə ala bilirdilər.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirdi ki, bu gün yarmarkada alıcılara 27 tondan çox kənd təsərrüfatı məhsulu təklif olunur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Goranboy və Ağstafa fermerləri də keyfiyyətli meyvə-tərəvəz və süd məhsulları satırdılar.
Nərimanov rayonu ərazisində Ə.Əliyev küçəsi 26-da yerləşən yarmarkada Xaçmaz, Tərtər, Salyan, İmişli, Tovuz, Oğuz, Daşkəsən rayonlarından gətirilmiş 54,5 ton kənd təsərrüfatı məhsulu, o cümlədən üzüm, pomidor, xiyar, bibər, badımcan, soğan, kartof, alma, fındıq və armudun qiyməti, keyfiyyəti alıcıların ürəyincə idi.
Kənd Təsərrüfat Nazirliyinin nümayəndəsi Fərhad Eminov İmişli rayonundan gəlmiş Kamran Qarayevin öz şəxsi təsərrüfatlarından 2 ton kartof, 2 ton soğan gətirdiyini və yarmarkanın “köhnə sakini” olduğunu bildirmişdir. Kamran Qarayev bütün ailə xərclərini, övladının xeyir işini satdığı məhsuldan götürdüyü vəsaitlə yola verdiyini qeyd etmiş, yarmarkada ödənişsiz yerlə təmin olduğunu, fermerlərə dövlət qayğısını xüsusi vurğulamışdır.
Yarmarka bazar günü də davam edəcəkdir.