BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 5-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Şaiq Əzimovun verdiyi məlumata görə, bazar günü yarmarkada satışa 17,7 ton məhsul, o cümlədən 2 ton ət, 0,2 ton ağartı, 4,5 ton tərəvəz, 4,5 ton meyvə, 2,5 ton kartof, 8 min ədəd yumurta çıxarılmışdır. İki gün ərzində burada 42 ton məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarından gətirilmiş məhsulların çeşidinin bolluğu diqqəti cəlb edirdi.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada əhaliyə 4,5 ton ağartı, 79,5 ton meyvə, 45 ton kartof, 6 ton ət və digər məhsullar satılmışdır. Yarmarkada alma, nar, heyva, üzüm, kartof, bal və s. üstünlük təşkil etmişdir. Ət və süd məhsullarının satışına onlar müayinədən keçirildikdən sonra icazə verilmişdir.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri paytaxt sakinlərinə 62 tondan çox məhsul təklif etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkada satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuz olmuşdur. Satışa meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar çıxarılmışdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri 10 tondan çox məhsul satmışlar. Burada da qiymətlər bazardakından 30-35 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada əhaliyə təzə, keyfiyyətli meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları təklif olunurdu. Bazardakından 30-35 faiz ucuz satılan bu məhsullar, o cümlədən alma, üzüm, kartof, pomidor, badımcan həvəslə alınırdı.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 28 tonadək meyvə-tərəvəz, süd və bostan məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da satışa bol məhsul çıxarılmışdı. Burada Goranboy, Ağstafa və Bərdə fermerləri sakinlərə ucuz qiymətlərə müxtəlif çeşidli məhsullar təklif edirdilər.
Nərimanov rayonu ərazisində Ə.Əliyev küçəsi 26-da yerləşən yarmarkada bazar günü Xaçmaz, Tərtər, Salyan, İmişli, Tovuz, Oğuz, Daşkəsən rayonlarından bir gün əvvəl gətirilmiş 54,5 ton məhsulun qalanı satılmışdır. Paytaxt sakinləri təklif olunan üzüm, pomidor, xiyar, bibər, badımcan, soğan, kartof, alma, fındıq, armud və digər məhsulları həvəslə almışlar.