REGİONLAR
BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Zərdab, Hacıqabul, Gədəbəy və digər rayonlardan gətirilmiş 15 tondan çox məhsul, o cümlədən 2 ton ət, 4 ton tərəvəz, 1 ton bostan, 5 ton meyvə, 3 ton kartof, 0,2 ton süd, 4 min ədəd yumurta, 30 kiloqram bal çıxarılmışdı. Gədəbəyli Asəf Hacıyev gətirdiyi 1 ton kartofun kiloqramını 30-50, soğanı 40, kələmi 60, kökü, çuğunduru 80, salyanlı İlqar Mustafayev almanı 40, armudu, narı 80 qəpiyə, üzümü 1 manat 20 qəpiyə təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə və bazar günləri burada 34 tondan çox məhsul satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şənbə və bazar günləri Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri bakılılara soğan, kartof, alma, nar, üzüm, boranı, eləcə də müxtəlif şirələr, konservlər, pendir, ət təklif edilirdi. Məhsulları keyfiyyətli, qiymətlər münasib olduğundan alıcıların sayı çox idi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, bazar günü Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından 61 ton məhsul gətirilmişdi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri 10 ton məhsul satmışlar.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Salyan, Quba, Xaçmaz, Astara rayonlarından satışa 1 ton ət, 24 ton tərəvəz, 13 ton kartof, 22 ton meyvə, 18 ton bostan bitkiləri və digər məhsullar çıxarılmışdı. İki gün ərzində bura gətirilmiş 78 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarının 85-90 faizi paytaxt sakinləri tərəfindən alınmışdır.
Yarmarkaya Dəvəçi və Salyandan xurma da gətirilmişdi. Dəvəçi rayon sakini Davud Abdullayev dedi ki, xurmanın kiloqramını 60 qəpiyə təklif edirəm. Gətirdiyim 500 kiloqram məhsulu həyətyanı sahədə yetişdirmişəm. Hələ indən belə 10 tondan çox məhsul gətirəcəyəm.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada alıcılara Salyan, Ağdaş, Sabirabad və digər rayonlardan gətirilmiş 19 tondan çox məhsul təklif olunurdu. İlk dəfə olaraq paytaxta məhsul gətirmiş qusarlı Alqış Cabbarovun kiloqramını 40-50 qəpiyə təklif etdiyi kələmin alıcıları çox idi.
Yarmarkada narın kiloqramı 60-80 qəpiyə, alma, bibər, badımcan 40- 50, pomidor 70, soğan 30, yumurtanın ədədi 50 qəpiyə, mal əti 4 manat 50 qəpiyə satılırdı.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şəhər sakinlərinə ucuz qiymətlərə satılan meyvə-tərəvəz, heyvandarlıq məhsulları keyfiyyəti ilə diqqəti cəlb edirdi. Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, şənbə və bazar günlərində yarmarkada, ümumilikdə, 27 tonadək kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Ağstafa, Bərdə və Goranboy fermerləri əhaliyə keyfiyyətli üzüm, alma, kartof, soğan, badımcan, kələm, pomidor və digər məhsullar təklif edirdilər.
Şənbə və bazar günləri Nərimanov rayonunda Ə.Əliyev küçəsi, 26-da yerləşən yarmarkada paytaxt sakinləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Tovuz, Oğuz, Daşkəsən rayonlarından gətirilmiş 52,5 ton kənd təsərrüfatı məhsullarını - üzüm, pomidor, xiyar, bibər, badımcan, soğan, kartof, alma, fındıq və armudu həvəslə alırdılar.
Alıcı Almaz Hüseynovanın sözlərinə görə, uzaqda yaşamasına baxmayaraq, hər həftə buradan bazarlıq edir. Məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksək olduğu üçün buraya gəlir, bununla da ailə büdcəsinə xeyli qənaət edir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov, artıq bir çox alıcılarla fermerlər arasında dostluq əlaqəsi yarandığını qeyd etmişdir. Bildirmişdir ki, yeri gəldikcə fermerlər alıcıların sifariş etdiyi məhsulları tapıb gətirirlər. Alıcı və fermer arasında yaranan münasibətlər malların çeşidinə də təsir göstərir.