BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 11 iyul (AZƏRTAC). İyulun 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan müxtəlif çeşidli 17, 5 ton meyvə-tərəvəz gətirilmişdir. Burada əhaliyə biri 5-6 qəpiyə 4 min yumurta da təklif olunur.
Yarmarkada məhsulların qiyməti bazarlardakından xeyli ucuz idi. Kartof, kələm, xiyar, kök, çuğundur və qarpızın kiloqramı 40 qəpiyə, pomidor 80 qəpiyə, gavalı 50 qəpiyə, sarımsaq 1 manata, göyərtinin dəstəsi 8-10 qəpiyə təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, burada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir, Şəmkir və Şəki rayonlarından gətirilmiş 35 ton kartof, 61 ton meyvə, 5 ton ət, 5 ton ağartı, 46 min ədəd yumurta və digər kənd təsərrüfatı məhsulları təklif olunurdu. Alıcı, ağsaqqal Hikmət Məmmədov razılıqla bildirdi ki, burada ürəyim istəyən hər şey var. Qiymətlər də ürəyimcədir. Bu, biz şəhər sakinləri üçün çox sərfəlidir.
Kənd təsərrüfatı naziri İsmət Abasov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışdır. Alıcılar ailə büdcələrinə xeyli kömək edən yarmarkaların təşkilatçılarına, ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, belə ticarət mərkəzlərinin ərazisinin genişləndirilməsini təklif etmişlər. Nazirə məlumat verilmişdir ki, bu gün burada satışa 245 tondan çox məhsul çıxarılmışdır. Məhsulların bolluğu alıcıların sayını artırmışdır. Yarmarkada nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
İsmət Abasov jurnalistlərə müsahibəsində bildirmişdir ki, yarmarkadakı qiymətlər bazardakından xeyli aşağıdır. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artır. Məhsul istehsalı artdıqca qiymətlər də aşağı düşmüşdür. Yarmarkalar bundan sonra da davam edəcəkdir.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunmuş yarmarkada sözün əsl mənasında qələbəlik idi. Bu, yarmarkaya gətirilən kənd təsərrüfatı məhsullarının həcminin və çeşidinin bolluğundan xəbər verirdi. Qiymətlər bazarlardakından 30-40 faiz, hətta bəzi məhsullar yarıbayarı ucuz idi. Bu şənbə günü də yarmarkada satılan məhsullar arasında Salyan, Astara, Qusar, Dəvəçi, Quba və digər rayonların fermer və şəxsi təsərrüfatlarından gətirilmiş mövsümi məhsullar, o cümlədən yemiş və qarpız üstünlük təşkil edirdi. Təzə kartof, soğan, badımcan, yerkökü, çuğundur, xiyar, pamidor, bibər, alça, gilas, ərik, şaftalı, gilənar, sitrus meyvələri, ağartı və digər məhsulların alıcıları daha çox idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, yarmarkaya fermerlər və şəxsi təsərrüfat sahibləri 65 tondan çox məhsul gətirmişlər. Bu gün də Salyan rayonu birinciliyi qoruyub saxlamışdır. Yarmakaya gətirilən məhsulların təqribən yarısı bu rayonun payına düşür.
Badamdar qəsəbəsində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada da məhsul bol idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyevin verdiyi məlumata görə, bugünkü yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Quba və Qazax rayonlarının fermer və şəxsi təsərrüfatlarından 12 tondan çox məhsul gətirilmişdir. Bundan əlavə, Giləzi, Goradil və Sumqayıt quşçuluq fabrikləri satışa 18 min 100 ədəd yumurta çıxarmışlar.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan gətirilmiş 57 ton 600 kiloqram meyvə-tərəvəz təklif olunurdu. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, çiyələk, gilas, ərik, şaftalı, qarağat, gavalı və s. çoxluq təşkil edirdi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya isə Cəlilabad rayonunun fermerləri 11,8 ton məhsul gətirmişdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin bildirdiyinə görə, bu gün fermerlər Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa Ağsudan 7,7, Qazaxdan 12,5 ton xiyar, kələm, soğan, gilas, pomidor, kartof, lobya, badımcan, ərik və digər məhsullar çıxarmışlar. Burada kələmin və badımcanın kiloqramı 30 qəpiyə, soğan 25 qəpiyə satılır. Digər məhsullar da bazardakından ucuzdur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Bərdə, Goranboy və Ağstafa fermerləri şəhər sakinlərinə təzə kənd təsərrüfatı məhsulları təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 36 ton meyvə-tərəvəz çıxarılmışdır. Goradil, Giləzi broyler fabrikinin nümayəndələri isə alıcılara 25 min ədəd yumurta təklif edirlər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
![]() |
![]() |
![]() |


