Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib
Daşkənd, 16 iyun, AZƏRTAC
Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu gün regional ticarətin və beynəlxalq yükdaşımaların inkişafında strateji rol oynayır.
Bunu AZƏRTAC-a “Women in TLP” platformasının Özbəkistan üzrə ölkə direktoru və “Hegelmann Uzbekistan” MMC-nin baş direktoru Şaxlo Abicanova deyib.
Onun sözlərinə görə, bu marşrut əvvəllər də mövcud olub, lakin son illərdə dünyadakı geosiyasi dəyişikliklər və logistika zəncirlərinin şaxələndirilməsinə yaranan ehtiyac fonunda əhəmiyyəti xeyli artıb.
“Orta Dəhliz nəqliyyat sahəsində fəaliyyət göstərənlərə həmişə yaxşı məlum olub. Lakin bu gün iqtisadi səmərəliliyi və sabitliyi sayəsində ona tələbat maksimum səviyyəyə çatıb. Ənənəvi marşrutların dəyişdiyi indiki şəraitdə məhz bu istiqamət beynəlxalq yükdaşımaların əsas yollarından birinə çevrilir”, – deyə Abicanova bildirib.
O vurğulayıb ki, marşrutun inkişafı dəhliz boyunca yerləşən dövlətlər arasında sıx əməkdaşlıq sayəsində mümkün olub. Onun fikrincə, bu prosesdə hökumətlərarası razılaşmalar, logistika şirkətləri arasında tərəfdaşlıq əlaqələrinin inkişafı və biznesin fəal iştirakı mühüm rol oynayıb.
“Orta Dəhliz yalnız nəqliyyat infrastrukturu deyil. Bu, hökumətləri, beynəlxalq təşkilatları, özəl sektoru, nəqliyyat və ticarət şirkətlərini, eləcə də kiçik və orta sahibkarları bir araya gətirən geniş əməkdaşlıq sistemidir. Onun uğurlu inkişafı bu prosesdə iştirak edən bütün tərəflərin birgə fəaliyyətindən asılıdır”, – deyə ölkə direktoru vurğulayıb.
Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivlərindən danışan Şaxlo Abicanova qeyd edib ki, hazırda məhz bu ölkələr Avrasiyanın müasir nəqliyyat arxitekturasının formalaşmasında mühüm rol oynayırlar. Onun fikrincə, Orta Dəhliz çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi yükdaşımaların həcmini artırmağa, ticarət əlaqələrini genişləndirməyə və marşrutun beynəlxalq bazarda rəqabət qabiliyyətini yüksəltməyə imkan verəcək.
“Bu gün əsas yük axınları getdikcə daha çox Orta Dəhlizdən keçir. Bu isə onun beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrildiyini təsdiqləyir”, – deyə agentliyin həmsöhbəti fikrini yekunlaşdırıb.
Müxbir – Tamilla Məmmədova