Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”
Bakı, 16 iyun, AZƏRTAC
İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab, sənəd və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. Daha sonra mərkəzin ekspozisiya zalında Ulu Öndərin zəngin irsinə həsr olunmuş ekskursiya təşkil edilib.
Mərkəzin zalında davam edən tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Milli Qurtuluş Gününə həsr olunmuş, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini və ölkəmizin Zəfərə aparan inkişaf yolunu əks etdirən “Qurtuluşdan inkişafa” sənədli filmi nümayiş olunub.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İnzibati-təşkilati işlər sektorunun baş mütəxəssisi Nilufər Mursəliyeva, İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Samir Zülfiyev çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Natiqlər bildiriblər ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqının yaddaşında təkcə siyasi dönüş nöqtəsi kimi deyil, həm də milli dövlətçilik ideyalarının gerçəkləşdiyi əlamətdar gün kimi qalır. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə hökm sürən anarxiya və qarşıdurmalara son qoyulub, dövlətçiliyin əsasları möhkəmləndirilib və ictimai-siyasi sabitlik təmin edilib. Bununla da Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyub.
Qeyd olunub ki, ölkəmizin əldə etdiyi bütün uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Prezident İlham Əliyev tərəfindən bu siyasi kursun ardıcıl və uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf edən, müasirləşən və beynəlxalq aləmdə nüfuzu getdikcə artan dövlətlərdən birinə çevrilib, mühüm iqtisadi və sosial nailiyyətlər qazanıb.
Çıxışlarda vurğulanıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində xalqımız 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkənin ərazi bütövlüyünü bərpa edib. Hər bir azərbaycanlının qəlbində böyük qürur hissi doğuran bu şanlı Zəfər milli həmrəyliyin daha da möhkəmlənməsinə, yeni inkişaf mərhələsinin başlanmasına və xalqın birlik ruhunun güclənməsinə mühüm töhfə verib.