Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası
Bakı, 16 iyun, AZƏRTAC
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyin bərpasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və milli dövlətçilik ideologiyasının formalaşmasına güclü təkan verdi. Bu strateji xəttin mühüm istiqamətlərindən biri də Azərbaycan dilinin dövlət dili kimi inkişafı və nüfuzunun yüksəldilməsi idi.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi birliyinin əsas dayağı hesab edirdi. Ulu Öndərin təşəbbüsü ilə dövlət dilinin hüquqi əsasları daha da möhkəmləndirildi, ana dilinin cəmiyyət həyatının bütün sahələrində işlənməsini təmin edən ardıcıl tədbirlər həyata keçirildi. Xüsusilə, 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman, eləcə də 2002-ci il 30 sentyabrda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul olunması dil siyasətinin hüquqi bazasını daha da möhkəmləndirdi. Bu sənədlər Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil sistemində, elm və informasiya məkanında tətbiqinin genişləndirilməsində mühüm rol oynadı.
Azərbaycan dilinin elmi əsaslarla öyrənilməsi, lüğətçilik, terminologiya və dilçilik tədqiqatlarının genişləndirilməsi də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda aparılan fundamental tədqiqatlar məhz Ulu Öndərin müəyyənləşdirdiyi dil siyasətinin elmi əsaslarının inkişafına xidmət edir. İnstitutda Azərbaycan dilinin tarixi, müasir vəziyyəti, orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanması, dialektologiya, terminologiya, eləcə də rəqəmsal dil resurslarının yaradılması istiqamətində həyata keçirilən layihələr dövlət dilinin qorunmasına və gələcək inkişafına mühüm töhfələr verir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət dili siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycan dilinin qloballaşma şəraitində qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun davamlılığını təmin edir.