SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır
Bakı, 16 iyun, AZƏRTAC
Halal iqtisadiyyatın inkişafı qarşısında duran əsas çağırışlar arasında standartların uyğunsuzluğu, etibarlı məlumat çatışmazlığı və logistika məhdudiyyətləri yer alır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nəzdində fəaliyyət göstərən Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru, Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri Zehra Selçuk İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Strateji Liderlik Dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşmə mexanizmləri” adlı sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sahədə vahid modelin tətbiqi deyil, beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas çıxış yoludur.
“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyət göstərən standartlaşdırma qurumları halal sənayedə sertifikatlaşdırma və metodologiyanın inkişafı istiqamətində mühüm işlər görür. İkinci əsas problem etibarlı və müqayisə edilə bilən məlumatların çatışmazlığıdır. İslam maliyyəsi üzrə məlumatlar mövcud olsa da, halal iqtisadiyyatın digər sahələri üzrə statistik bazalar yetərli deyil. Məlumatların olmaması sübuta əsaslanan siyasətlərin hazırlanmasını çətinləşdirir”, – deyə o bildirib.
Zehra Zümrüt Selçuk, həmçinin halal iqtisadiyyatın istehsal və ticarət imkanları arasında uyğunsuzluqlar, logistika məhdudiyyətləri və rəqəmsallaşma ehtiyacını da əsas problemlər kimi qeyd edib. Onun sözlərinə görə, bütün bu çağırışların aradan qaldırılması üçün etimad və şəffaflıq əsas prinsip olmalıdır.
SESRIC rəhbəri əlavə edib ki, bu problemlərin həlli daha güclü və dayanıqlı qlobal halal iqtisadiyyatın formalaşmasına imkan yaradacaq.