Samer Elesavi: Halal iqtisadiyyatın inkişafı üçün vahid standartlar və əməkdaşlıq vacibdir
Bakı, 16 iyun, AZƏRTAC
Halal iqtisadiyyatın potensialından tam istifadə olunması üçün vahid standartların tətbiqi, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi əsas şərtlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankı (İİB) Qrupunun Kuala Lumpurdakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İİB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Azərbaycan Halal Biznes Forumunun (AZHAB Forum) xüsusi sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, üzv ölkələr hələ də halal standartların və sertifikatlaşdırma sistemlərinin parçalanması, logistika və infrastruktur xərclərinin yüksək olması, halal biznesin maliyyələşdirilməsi imkanlarının məhdudluğu kimi problemlərlə üzləşirlər.
“Bu çağırışların aradan qaldırılması üçün institutlar arasında koordinasiya, eləcə də halal dəyər zəncirinin bütün iştirakçıları arasında daha sıx əməkdaşlıq tələb olunur. İslam İnkişaf Bankı Qrupu üzv ölkələrdə halal ekosisteminin inkişafını dəstəkləmək məqsədilə potensialın artırılması, investisiyaların təşviqi, texniki əməkdaşlıq və uğurlu təcrübələrin paylaşılması istiqamətində fəaliyyətini genişləndirir. Bu çərçivədə Malayziyadakı Mükəmməllik Mərkəzi vasitəsilə davamlı halal biznesinin inkişafı, institusional potensialın gücləndirilməsi və üzv ölkələr arasında təcrübə mübadiləsinə dəstək göstərilir”,- deyə o diqqətə çatdırıb.