I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb
Bakı, 16 iyun, AZƏRTAC
2026-cı ilin birinci rübündə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa investisiyaların həcmi 1 milyard 109,9 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin I rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, hesabat dövründə xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların əsas hissəsi Türkiyə, Böyük Britaniya, Gürcüstan, Özbəkistan və ABŞ-a yatırılıb.
“Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa investisiyaların 453,668 milyon dolları və ya 40,9 faizi Türkiyənin payına düşüb. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına 234,5 milyon dollar (21,1 faiz), Gürcüstana 83,848 milyon dollar (7,6 faiz), Özbəkistana 74,887 milyon dollar (6,7 faiz), ABŞ-yə isə 66,9 milyon dollar (6 faiz) investisiya yönəldilib. Bu beş ölkənin ümumi payı bütün xarici investisiyaların təxminən 82 faizinə bərabər olub”, - deyə Samir Nəsirov bildirib.
Departament direktoru qeyd edib ki, investisiya qoyuluşlarında Birləşmiş Ərəb Əmirlikləri 62,8 milyon dollar, Oman 30,6 milyon dollar, Rumıniya 14,9 milyon dollar və İsveçrə 14 milyon dollarla növbəti yerlərdə qərarlaşıb.