BAKIDA MAKKABİ BEYNƏLXALQ ŞAHMAT TURNİRİ BAŞLAMIŞDIR
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 8-də Bakıda 12 yaşadək uşaqlar arasında 3-cü Makkabi beynəlxalq şahmat turniri start götürmüşdür.
“Makkabi-Azərbaycan” Mədəni İdman Cəmiyyətinin, Respublika Şahmat Federasiyasının, İNDİAN CLİNİC və HP şirkətlərinin maddi dəstəyi ilə keçirilən turnirdə səkkiz ölkədən 36 idmançı iştirak edir.
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov yarış iştirakçılarını təbrik edərək bildirmişdir ki, belə tədbirlərin ölkədə müntəzəm olaraq keçirilməsi şahmatın inkişafında, onun uşaqlar arasında populyarlaşmasında böyük rol oynayır. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” bu idman növünə dövlət səviyyəsində diqqət və qayğının bariz nümunəsidir. Bu baxımdan Azərbaycanın kişi şahmatçılarının Serbiyada keçirilmiş Avropa çempionatının qızıl medallarına layiq görülməsi, həmçinin beynəlxalq səviyyəli turnirlərdə yüksək nəticələr qazanması heç də təsadüfi deyildir.
Bakıda Britaniya Məktəbinin Baş İcra Ofisinin rəhbəri Samir Vəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Salman Abdullayev və başqaları tədbirin əhəmiyyətindən danışmış, Azərbaycanın bu idman növü üzrə dünyada ön sıralarda olduğunu vurğulamışlar. Bildirilmişdir ki, turnirin iştirakçısı olan bu uşaqlardan gələcəkdə güclü şahmatçılar yetişəcək, onlar ölkələrini beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.
İsveçrə sistemi üzrə keçiriləcək yarışda 7 tur oynanılacaqdır.
Beynəlxalq turnirdə ilk üç yeri tutan şahmatçıya HP şirkəti tərəfindən qiymətli hədiyyələr təqdim ediləcəkdir.
######
