BAKIDA MÜHARİBƏ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN DAHA BİR YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLDİ
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinə dövlətimizin diqqət və qayğısından söz açmış, bu sahədə həyata keçirilən tədbirlərdən danışmışdır. Nazir xatırlatmışdır ki, dövlətimizin başçısı İlham Əliyev müharibə əlillərinə və şəhid ailələrinə həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün istifadəyə verilmiş bina da həmin qayğının bariz nümunəsidir. Artıq bir sıra rayonlarda müharibə əlilləri və şəhid ailələri üçün fərdi evlər, çoxmənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Bu iş davam etdirilir.
Nazir müavini İ.Rəhimov bildirmişdir ki, hazırda Bakı, Qax, Qazax, Tərtər, Bərdə, İmişli və Salyanda belə evlər tikilir və bu binalardakı mənzillər tezliklə əhaliyə paylanacaqdır.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları yeni binada mənzil alanları təbrik etmişlər.
Yeni binanın sakinlərinə mənzillərin orderi və hədiyyələr təqdim edilmişdir.
Mərasim iştirakçıları binadakı mənzillərlə tanış olmuşlar.