İQTİSADİYYAT
Bakıda “Oracle Banking Forum” tədbiri keçiriləcəkdir
Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 12-də “Oracle” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakıda “Oracle Banking Forum” adlı tədbir keçirəcəkdir. Tədbir FORS Europe, R.I.S.K. və ULTRA şirkətlərinin sponsorluğu ilə “JW Marriott Hotel Absheron Baku” otelində təşkil olunacaqdır.
“Oracle” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın maliyyə sektoru şirkətlərinin, bankların, sığorta şirkətlərinin və kredit təşkilatlarının rəhbərləri və İT-mütəxəssisləri bu tədbirdə iştirak etməyə dəvət olunurlar. Forumda maliyyə sahəsində menecment və analitika mövzuları, habelə CRM və HCM, Risk Management, Procurement Management və Performance Management sistemlərinə aid məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
“Oracle” şirkəti biznes informasiyasının səmərəli saxlanması, idarə edilməsi, inteqrasiyası, işlənməsi və istifadəsi ilə bağlı işlərin təşkili üçün proqram məhsullarının geniş spektrini təklif edir. Bu məhsullar 3 xətt üzrə bölünür: biznes proqramları, o cümlədən banklar üçün şaquli proqramlar, ERP və CRM sinfinə aid proqramlar (Oracle, Siebel, Hyperion, FLEXCUBE, Reveleus və s.), proqramların səmərəli hazırlanması və istifadə edilməsi üçün nəzərdə tutulan “Oracle Fusion Middleware” serverinin bu, 40-dan çox inteqrasiya məhsulunun, habelə “Oracle Database” məlumat bazalarını idarəetmə sisteminin daxil olduğu inteqrasiya olunmuş platforma təklif edir.
Xatırladaq ki, maliyyə sektoru ilə iş “Oracle” şirkətinin Azərbaycanda fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Məsələn bir sıra şirkətlər “Oracle” ilə artıq əməkdaşlıq ənənələrinə malikdir, bəzi banklarda isə “Siebel CRM” layihəsi tətbiq edilmişdir. Bu, bazarda həmin məhsullara tələbatın yüksək olmasını bir daha sübut edir. Bundan əlavə, “Oracle” şirkətinin məhsullarının köməyi ilə ölkəmizin maliyyə sektorunun bir sıra başqa təşkilatlarına distant xidmət sistemləri modernləşdirilir və genişləndirilir.