Bakıda rusiyalı mütəxəssislərin iştirakı ilə müasir antibakterial terapiyanın prinsipləri müzakirə edilmişdir
Bakı, 21 aprel (AZƏRTAC, Elçin Hüseynov). Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) 2005-ci ildən etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Rusiya Diplomdansonraki Tibb Təhsili Akademiyası (RDTTA) ilə imzalanmış müqavilə əsasında müxtəlif istiqamətlərdə əməkdaşlıq aparır. Bu illər ərazində institutun gənc kadrları Moskva şəhərinə təkmilləşdirmə kurslarına göndərilmiş və onların əldə etdikləri bilik və bacarıqlar bu gün kafedralarda tədris prosesində geniş istifadə olunur. Eyni zamanda, RDTTA-nın professor-müəllim heyətinin iştirakı ilə ADHTİ-də ehtiyac duyulan mövzularda səyyar-distant təkmilləşdirmə kursları keçirilmişdir. Bu kurslardan 600-dən çox yerli həkim faydalanmışdır.
AZƏRTAC xəbər verir ki, aprelin 21-də ADHTİ-də “Antimikrob kimyəvi terapiyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans iki təhsil müəssisəsi arasında əməkdaşlığın daha bir nümunəsidir.
Konfransda Rusiyanın aparıcı tibb mütəxəssisləri ilə yanaşı, ADHTİ-nin professor və müəllim heyəti, rezidentlər və həkim-müdavimlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Qasımov mövzunun aktuallığından danışmışdır. Qeyd etmişdir ki, hazırda infeksion xəstəlikləri əhatə dairəsi daim artır və dəyişir. Müasir dövr üçün yeni infeksiyaların aşkarlanması, mikroorqanizmlərin tətbiq edilən dərman preparatlarına qarşı davamlılığı və bu preparatların yan təsirlərinin üzə çıxması, köhnə antibiotiklərin yeniləri ilə əvəz olunması xarakterikdir. Bu baxımdan müasir antibakterial terapiyanın prinsipləri ilə həkimlərin tanış olmaları çox vacibdir.
Sonra RDTTA-nın pulmonologiya kafedrasının müdiri, professor Aleksandr Sinopalnikovun və Smolensk Tibb Akademiyasının Antimikrob Kimyəvi Terapiya İnstitutunun direktoru, professor Roman Kozlovun məruzələri dinlənilmişdir.
Konfransda ADHTİ-nin əməkdaşı “Uşaqlarda tənəffüs orqanlarının xəstəlikləri zamanı rasional antibiotikoterapiya” mövzusunda məruzə ilə çıxış etmişdir.
Böyük maraqla qarşılanmış məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.