BAKIDA SANKT-PETERBURQ MƏDƏNİYYƏTİ GÜNLƏRİ AÇILMIŞDIR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimiyyətlə salamlayaraq qeyd etdi ki, Sankt-Peterburqun mədəniyyət günləri Azərbaycanda Rusiya İlinin yekunlaşdırıcı akkordu olmuşdur.
Sankt-Peterburq Mədəniyyət Komitəsinin sədri Nikolay Burov səmimi qəbula görə minnətdarlığını bildirərək dedi ki, Azərbaycan paytaxtı Rusiyanın şimal paytaxtından olan qonaqları yenə də mehribanlıqla qarşıladı. Sankt-Peterburqun Bakıda mədəni missiyaları artıq çoxdan xoş bir ənənəyə, Rusiya və Azərbaycan xalqları arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə diqqətəlayiq nümunəyə çevrilmişdir.
Bu il Rusiyanın məşhur musiqiçiləri, opera və balet solistləri ilə görüşlər, foto və kino ustalarının sənəti ilə tanışlıq tədbirləri olacaqdır.
Bakıda Sankt-Peterburqun Mədəniyyət günləri Mariya Dövlət Akademik Teatrı solistlərinin konserti ilə başlanmışdır. Proqramda Quno, Kalman, Motsart, Puççini və Əmirovun, habelə digər klassiklərin əsərləri səslənmişdir. Onları teatrın solistləri Oksana Şirova, Yekaterina Solovyova, Viktoriya Yastrebova, Aleksey Markov və Timur Abdikeyev ifa etmişlər.
Yeri gəlmişkən, Timur Abdikeyev həmyerlimizdir, Bakı Musiqi Akademiyasında təhsil almışdır, vokalçıların Şövkət Məmmədova adına respublika müsabiqəsinin laureatı, Bülbül adına və İrina Arxipova adına beynəlxalq müsabiqələrin laureatıdır. 2001-ci ildə o, Mariya teatrının Gənc müğənnilər akademiyasına dəvət edilmişdir.