Bakıda silahlı şəxs saxlanılıb
Bakı, 18 mart, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində uğurlu əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman kustar üsulla hazırlanan tapança və 22 patron aşkarlanaraq maddi sübut kimi götürülüb. M.Əbilov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı Mehman Əbilov barəsində 2-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.