Bakıda Tofiq Bakıxanovun kamera Musiqisi konserti olmuşdur
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında Azərbaycanın Xalq Artisti, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun kamera musiqisi gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, gecəni giriş sözü ilə açan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova qeyd etmişdir ki, konsert tanınmış bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuşdur.
Əslən Bakı xanlarının nəslindən olan Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakı şəhərində respublikanın Xalq Artisti Əhmədağa Bakıxanovun ailəsində dünyaya göz açmışdır. O, musiqi fəaliyyətinə skripkaçı kimi başlamışdır. 1953-cü ildə T.Bakıxanov Azərbaycan Dövlət Konservatoriyasını A.N.Amitonun dərs dediyi skripka sinfi, 1957-ci ildə isə başqa bir görkəmli bəstəkarın - Qara Qarayevin kompozisiya sinfini bitirmişdir.
Tofiq Bakıxanov simfonik poemaların, sonataların, uvertüraların, süitaların, müxtəlif musiqi alətləri üçün yazılmış konsertlərin müəllifidir.
Onun baletlərindən biri - “Xəzər balladası” 1969-cu ildə Parisdə VII Beynəlxalq musiqi festivalında, habelə Lüksemburq, Monte-Karlo, Moskva, Sankt-Peterburq və Kiyevdə müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
Konsertin proqramında T.Bakıxanovun əsərlərini - skripka və fortepiano üçün 1 nömrəli sonatanı Əməkdar Müəllim, Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanov (viola), beynəlxalq müsabiqələr laureatı, BMA-nın dosenti Maya Sadıqzadə (fortepiano) səsləndirmişlər.
Sonra fortepiano üçün iki prelüdiya (Maya Sadıqzadə), romanslar (solist Leyla Dadaşova (vokal), Kəmalə Mirbabayeva (fortepiano), İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş bəstəkar Məmməd İsrafilzadəyə həsr olunmuş viola və fortepiano üçün “Elegiya” (Tofiq Aslanov - viola, Fəridə Əhmədbəyova - fortepiano) səsləndirilmişdir.