CƏMİYYƏT
Bakıda və bölgələrdə baş vermiş yanğınlar söndürülmüşdür
Bakı, 21 yanvar (AZƏRTAC). Astara şəhərində hazırda fəaliyyət göstərməyən balıq istehsalı sexində yanğın baş vermişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nəticədə sexin dam örtüyü xeyli sahədə yanmışdır. Yanğınsöndürənlər alovun qarşısını almış, sexin qalan hissəsini yanğından mühafizə etmişlər.
Paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus avtomobil təmiri sexinin dam örtüyü və sexə bitişik yığılmış 20 ədəd avtomobil şini yanmışdır.
Alov yanğınsöndürənlər tərəfindən söndürülmüş, sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Ağcabədi rayonunun Mehrablı kəndində isə birmərtəbəli, üç otaqlı evdə yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə evin dam örtüyü xeyli sahədə yanmışdır.
Burada da alov söndürülmüş, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Hadisələrlə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.