CƏMİYYƏT
Bakıda və Sumqayıtda insan alveri və erkən nikahla bağlı təlim kursları keçiriləcəkdir
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi “Uğurlu gələcək naminə” layihəsinə başlamışdır.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, layihə Bakı və Sumqayıt şəhərində icra olunacaqdır. Layihə çərçivəsində bu şəhərlərin hər birində ikigünlük təlim kursları keçiriləcəkdir. Təlimlərdə erkən nikah və insan alverinin yaranma səbəbləri və ağır nəticələri tədris ediləcək, bu istiqamətdə mübarizə üsulları müzakirə olunacaqdır. Bundan əlavə, təhsil müəssisələrində insan alveri və erkən nikahla mübarizəni özündə əks etdirən plakatlar asılacaq, bukletlər paylanılacaqdır. Eyni zamanda, iki ay müddətində “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin hüquq mərkəzinin hüquqşünasları tərəfindən insan alveri və erkən nikahla bağlı onlayn formada və ya əvvəlcədən təyin edilmiş görüşlərdə ödənişsiz hüquqi məsləhət xidmətləri göstəriləcəkdir.
Bakı və Sumqayıt şəhərlərində keçiriləcək təlim kurslarında iştirak etmək istəyənlər CV-lərini [email protected] və ya [email protected] ünvanlarına göndərə bilərlər.
Layihə çərçivəsində insan alveri və erkən nikahla bağlı hüquqi məsləhət almaq istəyənlər isə e-mail: [email protected], tel: (+99450) 673 98 64 http://www.facebook.com/gmidib http://www.gmid.org.az əlaqə vasitələrindən istifadə edə bilərlər.