Bakıdakı 82 nömrəli məktəbin şagirdləri beynəlxalq idman yarışlarında ölkəmizi uğurla təmsil edirlər
Bakı, 9 aprel, P.İmanova, AZƏRTAC
Aprelin 9-da Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbdə Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin bu orta məktəbin müxtəlif idman tədbirlərində və beynəlxalq yarışlarda qalib gələn şagirdləri ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə məktəbin şagirdlərinin idman sahəsində qazandıqları nailiyyətlər barədə məlumat verilib, videoçarx nümayiş etdirilib. Bildirilib ki, 82 nömrəli tam orta məktəb Nərimanov rayonu üzrə idmanda uğurları ilə seçilən təhsil müəssisələrindəndir. Məktəbin şagirdləri idmanın müxtəlif növləri üzrə keçirilən beynəlxalq yarış, olimpiada, spartakiada və dünya çempionatlarında yüksək nəticələr göstəriblər. Futbol, voleybol, karate, boks, velosiped, stolüstü tennis, şahmat, dama və idmanın digər növlərində yerli və beynəlxalq turnirlərdə iştirak edən məktəblilər yüksək nailiyyətlər qazanıblar. Məktəbin şagirdləri, həmçinin boks və kikboksinq üzrə dünya və Avropa çempionatlarının qalibi olub, müxtəlif medal, kubok, beynəlxalq sertifikat və diplomlarla mükafatlandırılıblar.
Tədbirdə çıxış edən Adil Əliyev ölkəmizdə idman sahəsinin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə respublikada idmanın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin bu siyasəti hazırda dövlətimiz tərəfindən uğurla davam etdirilir, ölkəmizdə müasir standartlara cavab verən müxtəlif idman məktəbləri və kompleksləri tikilib istifadəyə verilir, idmançılarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Gənclərimiz idmanın müxtəlif sahələrində ölkəmizdə və xaricdə keçirilən beynəlxalq yarışlarda iştirak edir, yüksək nailiyyətlər qazanır, Azərbaycan bayrağını zirvələrə qaldırır, himnimizi səsləndirirlər. Bu gün azərbaycanlı gənclərin sədası ən mötəbər idman yarışlarından, yüksək kürsülərdən gəlir.
Azərbaycanın müxtəlif mötəbər tədbirlərə, beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini söyləyən A.Əliyev ölkəmizin nəinki Qafqazda, eləcə də dünyada güclü dövlətlər sırasında olduğunu söyləyib. Vurğulanıb ki, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir.
A.Əliyev gənclərə onların sağlam və savadlı böyüməsi üçün idmanla məşğul olmağı, çoxlu mütaliə etməyi və pis vərdişlərdən uzaq durmağı tövsiyə edib. Bildirib ki, sağlam gənclik və sağlam gələcək üçün şagirdlərimiz bilik və dünyagörüşlərini zənginləşdirməli, təhsildə birincilik nümayiş etdirməli və müxtəlif xarici dilləri öyrənməlidirlər. O bildirib ki, müasir müstəqil dövlətimizin gələcək inkişafı və çiçəklənməsi üçün hər bir məktəbli var qüvvəsi ilə çalışmalıdır.
Sonra A.Əliyev şagirdlərin suallarını cavablandırıb, məktəb və tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb.
Sonda məktəbin direktoru Leyla Fətiyeva qonağa təhsil müəssisəsinin kollektivi adından minnətdarlığını bildirib.