Bakının bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarxlar yayımlanır
Bakı, 13 yanvar, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 - qaynar xətt” adlı sosial çarxların Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanıb.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının işçi qrupundan bildiriblər.
Sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi daşıyır.
Videoçarxların yayımlanması bu il fevralın 15-dək davam edəcək.