İQTİSADİYYAT
Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi ölkədə başlayan yeni texnoloji inkişaf prosesinə stimul verəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
74-cü Beynəlxalq Astronavtika Konqresi ölkədə başlayan yeni texnoloji inkişaf prosesinə stimul verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, beşgünlük Bakı Konqresi dünya kosmos icmasına əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi, gənclərin bu sahəyə cəlb olunması baxımından əhəmiyyətli töhfələr verdi.
Tədbir Azərbaycan üçün beynəlxalq nüfuzun yüksəldilməsi, imkanların tanıdılması ilə yanaşı, yeni tərəfdaşlıq münasibətlərinin qurulması cəhətdən faydalı oldu.
“Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” konqres çərçivəsində bir sıra müqavilələr bağladı. Bunlar arasında ən əhəmiyyətlilərindən biri “Israel Aerospace Industries” (IAI) şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsi oldu. Həyata keçiriləcək “Azersky-2” proqramı iki yüksək ayırdetməli elektrooptik sensora malik Yerin məsafədən müşahidə peykinin hazırlanmasını əhatə edir. Peyklərdən biri azərbaycanlı mütəxəssislərin iştirakı ilə İsraildə, ikincisi isə şirkətin dəstəyi ilə Azərbaycanda hazırlanacaq”, - deyə məlumatda bildirilib.
“Azərkosmos” və ICESCO arasında bağlanmış əməkdaşlıq müqaviləsi də mühüm əhəmiyyətə malikdir. “Azərkosmos”un Beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramovun təqdim etdiyi “Biznes, innovasiya və elm” adlı layihəyə təşkilat 500 min dollardan artıq investisiya ayıracaq.
Belə nəticəyə gəlmək olar ki, Bakı Konqresi ölkədə başlayan yeni texnoloji inkişaf prosesinə stimul verəcək. Prezident İlham Əliyev bunu tədbirdəki çıxışında xüsusi vurğuladı: “Bakıda keçirilən bu konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.
Bu o deməkdir ki, Azərbaycan müasir çağırışlara uyğun inkişaf yolu ilə irəliləyərək, innovativ cəmiyyət qurmaq uğrunda mühüm addımlar ataraq daha böyük uğurlar qazanacaq: həm Yer kürəsində, həm kosmosda. Qazanılanlar isə sülhə və bəşəriyyətin rifahının yaxşılaşdırılmasına xidmət edəcək.