Bakının iki rayonu üzrə müəllim və valideynlərin müraciətlərinə baxılıb
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Texniki-Humanitar Liseydə paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, qəbula gələn vətəndaşlar məktəblərin təmiri, maddi-texniki təminatı, elektron imza və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə keçən səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin yaradılması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.