Bakının parklarında açıq hava konsertləri davam edir
Bakı, 24 avqust, AZƏRTAC
Artıq üçüncü həftədir ki, Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə şəhərin müxtəlif park və istirahət məkanlarında açıq hava konsertləri keçirilir.
AZƏRTAC xəbər verir ki, ötən gün Xətai rayonundakı “Nizami Gəncəvi”, Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı “Meşə”, Nizami rayonundakı “Heydər Əliyev” və Mərkəzi Nəbatat parklarında növbəti dəfə kütləvi konsert proqramları təşkil olunub.
Qeyd edək ki, konsert proqramlarının keçirildiyi park və istirahət məkanları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət ünvanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirmələri üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları şəhər sakinləri və qonaqlar üçün daha da cəlbedici edir.
Gün ərzində uşaqlar burada oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz havadan və sakit mühitdən zövq alaraq istirahət edirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət məkanına çevrilib. Axşam saatlarında keçirilən konsert proqramlarında peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qrupları çıxış ediblər. Proqram çərçivəsində xalq və milli musiqi nümunələri, xarici estrada və klassik musiqi əsərləri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib.
Mərkəzi Nəbatat parkında isə təcrübəli pedaqoqlar tərəfindən uşaqlar üçün ustad dərsləri keçirilib. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə yaddaqalan axşam yaşadıb.
Konsert proqramlarında iştirak edən ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub. Müxtəlif yaş qruplarından olan sakinlər, xüsusilə uşaqlar və gənclər musiqinin sədaları altında rəqs edərək konsert proqramlarına böyük maraq göstəriblər.
Qeyd edək ki, paytaxtın park və istirahət məkanlarında axşam konsertləri gələn həftənin şənbə günü də təşkil ediləcək.