Bakının Səbail rayonunda 60 mindən çox sakin tibbi müayinədən keçmişdir
Bakı, 17 aprel (AZƏRTAC). Ölkə vətəndaşlarının sağlamlığının qorunması tədbirlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, respublikamızda keçirilən əhalinin tibbi müayinəsi tədbirləri Bakının mərkəzi rayonu olan Səbaildə yüksək səviyyədə təşkil olunmuşdur.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, xüsusi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında geniş təbliğat işləri aparılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bu istiqamətdə həyata keçirilən işlər gündəlik nəzarətdə saxlanılır.
Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı 4 poliklinikada müvafiq şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda, eləcə də evlərdə yataq şəraitində müalicə olunan xəstələrin müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil edilmişdir.
İndiyədək Səbail rayonu üzrə 60319 nəfər sakin tibbi müayinələrdən keçirilmişdir. Müayinələr zamanı daha çox arterial təzyiq, şəkərli diabet, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüşdür. Onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Ümumilikdə, 172 nəfər stasionar müalicəyə götürülmüş, 8745 nəfərə ambulator müalicə təyin edilmişdir. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrini həyata keçirirlər.
Səbail rayonda əhalinin profilaktik tibbi müayinədən keçirildiyi yerlərdən biri də Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikasıdır. Qəsəbədə 35 mindən çox əhali yaşayır. Burada, həmçinin 3 minə yaxın məcburi köçkün məskunlaşmışdır. Onların tibbi müayinələrdən keçirilməsi ilə bağlı qəsəbə nümayəndəliyi, yerli bələdiyyə, qəsəbədəki orta və məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət evi, kitabxana və digər qurumların kollektivləri, qəsəbə ictimaiyyətinin nümayəndələri tərəfindən təbliğat aparılmış, xəstə, kimsəsiz, tənha vətəndaşların müayinəsi üçün səyyar həkim briqadaları təşkil olunmuşdur.
Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikasının həkim-cərrahı Şərəf Rəşidov mühüm tədbirlə əlaqədar çalışdığı tibb müəssisəsinin ən müasir avadanlıq, dərman preparatları ilə təchiz olunduğunu demişdir. Bildirmişdir ki, poliklinikada yaradılmış səyyar həkim briqadaları qrafik əsasında qəsəbədəki təşkilatlarda, məktəblərdə, məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər.
Qəsəbə sakinləri dövlətimizin başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri Azərbaycan Respublikasının Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişdir.
Rayonda əhalinin tibbi müayinəsi tədbirləri davam edir.