BALAKƏNDƏ CARİ İLİN DOQQUZ AYININ YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Balakən rayonunda keçirilən müşavirədə geniş müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə rayon İcra hakimiyyətinin başçısı Asif Məmmədov cari ilin doqquz ayında rayonda görülmüş işlər barədə məruzə etmişdir.
Məruzəçi hesabat dövründə rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri barədə danışmış, məhsul istehsalının keçən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz artaraq 50 milyon 823 min manat təşkil etdiyini bildirmişdir. Qeyd etmişdir ki, ümumi məhsul istehsalının 55,4 faizi kənd təsərrüfatının, 3,2 faizi sənayenin, 30,3 faizi tikintinin, 11,1 faizi isə xidmət sektorunun payına düşür. Bu müddətdə sənaye məhsulu istehsalı 2006-cı ilin eyni dövrü ilə müqayisədə 79,5 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 6,4 faiz artmışdır.
Məruzədə qeyd olunmuşdur ki, cari ilin ötən dövründə rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, Katex, Roçəhməd, Qazma, Beretbinə, İtitala kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmiş, şəhər ərazisində 600 yerlik yeni məktəb binasının inşası başa çatdırılmış, 2 nömrəli orta məktəb binası əsaslı təmir olunmuşdur. Taxılçılıqla bağlı emal sahələrinin yaradılması üçün “Azər Yem Sənaye” MMC-nin yem fabriki inşa olunmuş, yeni damazlıq təsərrüfatları yaradılmışdır. Mədəniyyət və istirahət parkında tikinti-quraşdırma işləri davam etdirilmiş, “Buraz yolu”nun inşası əsasən başa çatdırılmışdır. Hazırda 235 çarpayılıq xəstəxana binasında tikinti işləri cədvələ uyğun davam etdirilir. Hesabat dövründə rayonda 267 daimi, 450 müvəqqəti və 1800-dən çox mövsümi iş yeri açılmışdır.
Müşavirədə çıxış edən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri görülən işlərdən danışmış, dövlət başçısının Nazirlər Kabinetinin iclasında qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün bütün qüvvələri səfərbər edəcəklərini bildirmiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Müşavirədə Prezidentin İcra Aparatının məsul əməkdaşı Məhərrəm Quliyev iştirak etmişdir.