REGİONLAR
Balakənli xanım fermer builki mövsümdə 165 hektar sahədə tütün yetişdirib
![](/files/galleryphoto/2020/2/1200x630/15967015293776814415_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15967015293930313042_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15967015294717452118_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1596701529189547657_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15967015295041359448_1200x630.jpg)
Balakən, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Tütünçülük Balakən rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ sovet dövründə tütünçülük rayonun kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri hesab olunurdu. Bu sahəyə maraq bir müddət azalsa da, Prezident İlham Əliyevin regionlarda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin nəticəsi olaraq son dövrlər bölgənin digər rayonları kimi, Balakəndə də tütünçülüyə maraq xeyli artıb. Hazırda rayonda yüzlərlə ailə tütünçülüklə məşğul olur, bu sahədən gəlir götürür. Rayonda tütünçülük üzrə ixtisaslaşan yeni-yeni fermer təsərrüfatları yaradılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə tütünçülük təsərrüfatlarından biri də rayonun Qazbinə kəndində fəaliyyət göstərir. Xanım fermer Ayparə Dadayevanın rəhbərlik etdiyi təsərrüfat qısa müddət ərzində böyük uğurlar qazanıb. Ailəsinin təsərrüfat ənənələrini davam etdirən xanım təsərrüfatçı 3 ildir ki, tütün əkib-becərir. Ötən il bu təsərrüfatda 96 hektar sahədə tütün əkilib, 94,6 ton quru tütün istehsal olunub. Dövlətin fermerlərə göstərdiyi diqqət və qayğıdan ruhlanan Ayparə Dadayeva bu il tütün əkini sahələrini daha da genişləndirərək 165 hektara çatdırıb. Xanım təsərrüfatçı cari təsərrüfat ilində 144 hektar sahədə “Virciniya botaniki”, 21 hektarda isə “İmmuniy” növlü tütün yetişdirib. Hazırda təsərrüfatda tütün yığımının qızğın çağıdır.
Təsərrüfat rəhbəri AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mövsümün əvvəlindən indiyədək sahələrdən 366 ton yaş tütün yarpağı dərilib. “Virciniya botaniki” növlü yaş tütün təsərrüfatın özünəməxsus olan emal məntəqəsindəki 5 ədəd tütünqurutma kamerasında qurudulur. İndiyədək bu kameralarda 28 ton quru tütün istehsal edilib. Yerli tütün sortları isə ipə düzülərək qurudulur. Qurudulmuş tütün mövsümün sonunda “Azəri Korporasiyası”na təhvil veriləcək. Tütün dəriminə və düzümünə 200-dən çox mövsümi işçi cəlb olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Ayparə Dadayeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.