BAMF seçki müşahidə qrupunun ilk iclası keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) prezident seçkilərində müşahidəçilik missiyasını yerinə yetirəcək. Artıq son bir həftədir ki, BAMF təmsilçiləri seçkilərin müşahidə prosesinə qoşulub. Təşkilatın 20 nəfərdən ibarət müşahidə qrupu respublikanın Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Göyçay, Ağdaş rayonlarında, Bakı və Sumqayıt şəhərlərində səsvermə günü müşahidə aparacaq.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar aprelin 7-də BAMF-ın ofisində seçki prosesinin gedişi, seçici fəallığının və seçkiqabağı tədbirlərin qiymətləndirilməsi, seçkilərin mətbuatda işıqlandırılması, səsvermə günü müşahidə missiyasının fəaliyyətinin Mərkəzi Seçki Komissiyası ilə koordinasiya edilməsi, müşahidənin aparılmasının prinsiplərinə dair müzakirələr keçirilib.
BAMF-ın prezidenti və müşahidə missiyasının rəhbəri Umud Mirzəyevin seçkilərin gedişi ilə bağlı ilkin qənaətinə görə, seçkiöncəsi dövrdə ifadə azadlığının, sərbəst toplaşmaq və birləşmək hüququnun təmin olunması, eləcə də vətəndaş cəmiyyəti institutları, beynəlxalq qurumların sərbəst fəaliyyəti üçün uyğun şərait yaradılıb. O, seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin seçki prosesi ilə bağlı maarifləndirilməsi, KİV nümayəndələrinin akkreditasiyası ilə bağlı işlərin uğurla aparıldığını bildirib.
Umud Mirzəyev qeyd edib ki, seçkilər zamanı hüquqi çərçivədə həyata keçirilən proseslərin gedişində müşahidəçilik, medianın monitorinqi diqqət mərkəzində olacaq.
Qeyd edək ki, BAMF sonuncu dəfə 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı “Seçki-2008” QHT koalisiyasının təsisçisi olun, səsverməni 59 dairə üzrə 1457 məntəqəni əhatə edən yerli müşahidəçi korpusu ilə izləyib.