Bank əməkdaşlarının bilik və bacarıqları artırılır
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə "MasterCard Worldwide" beynəlxalq ödəniş sistemi arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti tədbir keçirilib.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi olub.
Tədbirdə, həmçinin “MasterCard Worldwide” beynəlxalq ödəniş sisteminin Cənub-Şərqi Avropa regionu üzrə innovativ ödəniş həlləri sahəsində son yeniliklər, təşkilata üzv ölkələrdə tətbiq olunan yeni texnologiyalar haqqında məlumat verilib.
Müzakirələr əsasında keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb, rəqəmsal ödəniş xidmətlərinin xarakterik xüsusiyyətləri və üstünlükləri açıqlanıb.