Banklar Assosiasiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Vəkillər Kollegiyası arasında birgə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
ABA-dan AZƏRTAC-a bildirilib ki, memorandumu assosiasiyanın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar. Memorandumun imzalanmasını müsbət qiymətləndirən ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev bu sənədin gələcəkdə məhkəmə-hüquq sahəsində müvafiq proseslərinin daha da təkmilləşdirilməsinə, o cümlədən bank sahəsində yaranan mübahisələrin həllində vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına dəstək olunmasına töhfə verəcəyini xüsusi qeyd edib.
Diqqətə çatdırıb ki, bu memorandum bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili və bu istiqamətdə zəruri təkliflərin hazırlanması, maliyyə-bank sisteminə dair müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında vəkillərin peşəkar iştirakını, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradacaq. “Məhkəmə-hüquq sistemində islahatlarin dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının qəbulu məhkəmə-hüquq sisteminin inkişafında yeni islahatların həyata keçirilməsində mühüm rol oynayıb. Belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşmış məhkəmələrin və vahid məhkəmə təcrübəsinin yaradılması, elektron məhkəmə və icrası sisteminin tətbiq edilməsi və məhkəmə qərarlarının effektiv icrası sektor üçün xüsusi önəm kəsb edir. Vəkillər Kollegiyasının fəaliyyətindəki mütərəqqi dəyişikliklərin də təsiri ilə ölkəmizdə hüquqi yardım keyfiyyətinin durmadan artdığını, bu da öz növbəsində bizim sektorda xidmət və məsləhətlərin səviyyəsinin yüksəldiməsinə xidmət etdiyini bildirən Z.Nuriyev bank sektorunda da çoxlu sayda vəkillərin çalışdığını söyləyib. O, bank mübahisələri həllində vəkillərin rolunun effektivliyinin artırılması, banklarda çalışan vəkil və hüquqşünasların güclü və nüfuzlu vəkillik institutundan bəhrələnməsi istiqamətində fəaliyyətin bundan sonra da davam edəcəyinə əminliyini vurğulayıb.
Daha sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək, Vəkillər Kollegiyasının əsas vəzifələrindən birinin hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O həmçinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına əsasən, ötən dövr ərzində Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və vəkillik fəaliyyətinin inkişafı üçün bir sıra zəruri tədbirlər görüldüyünü deyib.
Tədbirdə Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunan təqdimat keçirilib.