“Barama HackDay 2016” yarışmasının qalibləri mükafatlandırılıb
Bakı, 14 mart, AZƏRTAC
“Azercell Telekom” MMC-nin dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Barama HackDay 2016” yarışmasının qalibləri mükafatlandırılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, gənc proqramçıları bir araya gətirən “Barama HackDay 2016” tədbirinə ilkin olaraq 43 komanda (hər komandada 3 nəfər olmaqla) müraciət edib və münsiflər heyətinin qiymətləndirməsindən sonra 13 komanda yarışmada iştirak hüququ qazanıb. “Pyhton və proqramlaşdırmanın əsasları” adlı təlimlə start götürən tədbirin yarış hissəsi martın 12-də saat 9:00-dan başlayıb və 36 saat davam edib. Proqramçılar bu müddət ərzində yarışın “Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyiblər. Yarışmada iştirak edən komandalara “qida” sektoru ilə bağlı mövzu təqdim olunub. Heyətlərində dizayner, front-end developer, backend developer olan komandalara verilən mövzuya uyğun olaraq 36 saat ərzində web-resurs yaratmaq tapşırılıb.
Yarışmanın qalibləri “Works On My Machine”, “YUSOFT” və “Bet265” komandaları olub.
Sonda qalib komandalara mükafatlar təqdim edilib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.