Baş endokrinoloq: Peyvənd vurduran vətəndaşların sayı artarsa, COVID-19-la mübarizə asanlaşar
Bakı, 9 avqust, AZƏRTAC
Şəkərli diabet xəstələri yeni növ koronavirus (COVID-19) infeksiyasını daha ağır keçirirlər. Bu, təkcə koronavirus üçün deyil, bir çox xəstəliklər üçün xarakterikdir. Yəni, demək olar ki, bütün xəstəliklər şəkərli diabeti olanlar üçün daha təhlükəlidir. Şəkərli diabet digər xəstəliklər üçün birmənalı olaraq risk faktorudur. Biz COVID-19-a yoluxmalar təhlükəli olduğu üçün belə xəstələrin peyvənd olunmasının tərəfdarıyıq. Lakin bir sıra hallarda şəkər xəstəliyi koronavirus əleyhinə peyvənd vurdurmaq üçün əks-göstəriş ola bilər. Əgər qanda şəkərin miqdarı çox yüksəkdirsə, peyvənd müvəqqəti olaraq vurulmamalıdır. Belə olan halda, koronavirusa qarşı vaksin yalnız qanda şəkərin miqdarı kompensasiya olunduqda vurula bilər. Çünki peyvənd vurdurmuş şəxslər koronavirusa yoluxsalar belə, xəstəliyi nisbətən yüngül keçirirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi deyib.
Baş endokrinoloq bildirib ki, COVID-19 əleyhinə peyvənd vurdurmağın hansı hallarda əks göstəriş olduğunu xəstələrə individual yanaşaraq müəyyən etmək lazımdır.
“Avqustun 9-dan “Əks-göstəriş sertifikatı”nın verilməsinə başlanılıb. COVID-19 əleyhinə peyvəndlərin kimin üçün əks göstəriş olduğuna poliklinikalarda və xüsusi təşkil edilmiş komissiyalarda terapevtlər qərar verirlər. Klinikaya əks göstəriş barədə arayış almaq üçün daha çox zob və şəkərli diabet xəstələri müraciət edirlər. Qalxanabənzər vəzin xəstəliklərindən əziyyət çəkənlər düşünürlər ki, onlarda autoimmun zob xəstəliyi olduğu üçün ümumiyyətlə peyvənd vurdura bilməzlər. Peyvənd zob xəstələrinə yalnız xəstəliyin kəskin mərhələsində vurulmaya bilər. Eutriod vəziyyətdə peyvənd vurdurmaq mümkündür”, - deyə mütəxəssis bildirib.
B.S.Qənnadi məsləhət görür ki, orqan transplantasiyası keçirən xəstələr koronavirus əleyhinə peyvənd vurdurmasınlar: “Böyrək transplantasiyası olunan xəstələri xüsusi qeyd etmək lazımdır. Onlar prizalon və sitostatiklər qəbul edirlər. Köçürülmüş orqanın qopmaması üçün istifadə edilən bu dərman preparatları ilə yanaşı peyvənd vurulsa, onun heç bir xeyri olmayacaq. Peyvəndlər orqanizmdə anticismlərin yaranması və immunitetin yüksəlməsi üçün istifadə edilir. Nəticədə, bədənin virusa qarşı müqaviməti artırılır. Ümumdünya Səhiyyə Təşkilatının əks göstərişlə əlaqədar protokolu yoxdur. Yəni, hansı xəstəliklərin əks-göstəriş olduğu barədə dəqiq məlumat verilməyib.
Anemnezidə (xəstənin həyat şəraiti, yaşayış tərzi, xəstəliklər və inkişaf tarixi ) anafilaktik şok, kvinke ödəmi və ya başqa xoşagəlməz allergik reaksiyalar olan xəstələrə peyvənd vurmaq üçün ciddi təhlillər aparmaq lazımdır. Bundan başqa, kimyaterapiya alan onkoloji xəstələrə də peyvənd vurularkən ehtiyatlı olmaq lazımdır”.
Baş endokrinoloq, həmçinin ölkədə aparılan vaksinasiyanın əhəmiyyətindən bəhs edib: “Vaksin vurduran vətəndaşlar nə qədər çox olarsa, COVID-19-la mübarizədə də o qədər tez qalib gələ bilərik. Nəzərə almaq lazımdır ki, bir çox xəstəliklə məhz peyvəndləmə hesabına mübarizə apara bilmişik. Əsassız fikirlərə uymadan, qorxu keçirmədən vaksin vurdurmaq lazımdır. SSRİ-nin səhiyyə sisteminin qurucularından olan tanınmış həkim Nikolay Semaşko deyib ki, təbabətin gələcəyi profilaktikadadır. Yəni, xəstəliyi müalicə etmək yaxşıdır, amma onun qarşısını almaq daha asandır. Hesab edirəm ki, koronavirus əleyhinə peyvənd vurdurmaq da profilaktikadır”.