Baş infeksionist: Azərbaycanda epidemioloji vəziyyət qonşu ölkələrlə müqayisədə daha yaxşıdır
Bakı, 11 avqust, AZƏRTAC
Yeni növ koronovirus (COVID-19) pandemiyası əleyhinə vaksinasiya prosesinin yüksək səviyyədə aparıldığı ölkələrdə yoluxma sayı çox deyil. Hətta koronavirusa yoluxanların sayı artsa da, virusdan həyatını itirənlərin sayı azdır. Məsələn, İsraildə COVID-19-a yoluxanların sayı sutkada 2 min nəfərə çatsa da, onlardan 7-8 nəfəri vəfat edir, yəni, yoluxma sayı ilə müqayisədə ölüm faizi aşağıdır.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun verdiyi məlumata görə, Azərbaycanda təxminən 5 milyondan çox vətəndaş vaksinasiya olunub: “İkinci doza peyvənd olunanların sayı isə 2 milyon nəfərdən çoxdur. Təxminən 2 ay sonra iki doza peyvənd olunanların sayının 5 milyon nəfərdən çox olacağı istisna edilmir. Onda koronavirus əleyhinə vaksinasiyanın müsbət təsirlərini daha aydın görünəcək”.
Baş infeksionist bildirib ki, son günlər Azərbaycanda yoluxma sayı artsa da, epidemioloji vəziyyət qonşu Türkiyə, Rusiya və Gürcüstanla müqayisədə daha yaxşıdır: “Vəziyyəti yaxşılaşdırmaq üçün qaydalara riayət etmək və vaksinasiya prosesini bir qədər də sürətləndirmək lazımdır. Hazırda gündəlik yoluxma sayı 1700-ü keçir. Nəzərə almaq lazımdır ki, yoluxanların 90 faizindən çoxu peyvənd olunmayanlardır. Buna baxmayaraq, ölüm faizinin aşağı olmasının səbəbi ölkədə risk qruplarına daxil olanların əksər hissəsinin COVID-19 əleyhinə vaksin olunmasıdır”.