Baş Prokurorluğun əməkdaşları “Nizaminin süjet və obrazları” adlı sərgi ilə tanış olublar
Bakı, 11 avqust, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və praktiki biliklərini artırmaq, yaradıcı və innovativ potensialının inkişaf etdirilməsini dəstəkləmək məqsədilə prokurorluq orqanlarında kompleks tədbirlər həyata keçirilir. Bununla yanaşı, milli ruhlu kadrların yetişdirilməsi, gənclərin mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, onların milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi kimi məsələlər də Respublika Baş Prokurorluğu tərəfindən xüsusilə diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, avqustun 10-11-də prokurorluq əməkdaşlarının Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Nizaminin süjet və obrazları” adlı sərgisinə ziyarəti təşkil olunub. Ziyarətlər koronavirus pandemiyası ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq qruplar şəklində həyata keçirilib.
İştirakçılara məlumat verilib ki, Azərbaycan, Rusiya, İran, Özbəkistan təsviri incəsənət ustalarının əsərlərinin nümayiş olunduğu sərgidəki eksponatlar dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin illüstrasiya ənənəsini təqdim edir.
Ekspozisiyadakı əlyazma, xalça, keramika və kətan üzərində təsvir edilən sənət nümunələrini izləməklə şairin ədəbi dünyasına səyahət etmək imkanı qazanan ziyarətçilər sərgidən zəngin təəssüratlarla ayrılıblar.