BAŞ PROKURORLUQ SUMQAYITDA ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Respublika Baş prokurorunun birinci müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Ramiz Rzayev müşavirəni açaraq dedi ki, bu cür tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Gəncə, Şəki, Cəlilabad, Əli Bayramlı və Şamaxıda zona müşavirələri keçirilmişdir və bu, prokurorluğun sıravi əməkdaşlarını da ümdə məsələlərin müzakirəsinə cəlb etməyə imkan verir.
Sumqayıt prokuroru, baş ədliyyə müşaviri Dağlar Zeynalov çıxışında bildirdi ki, Respublika Prokurorluğu rəhbərliyinin yerli qurumlara köməyi və daimi diqqəti sayəsində onların maddi-texniki bazası xeyli möhkəmlənmiş, iş üçün maksimum əlverişli şərait yaradılmışdır.
D.Zeynalov, habelə Abşeron, Quba, Xaçmaz, Dəvəçi, Qusar, Siyəzən, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarının prokurorları başçılıq etdikləri qurumların cari ilin 6 ayı ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verdilər.
Müşavirədə Respublika Prokurorluğu Dövlət ittihamının dəstəklənməsi idarəsinin rəisi, baş ədliyyə müşaviri Rza Məmmədov və İstintaqa nəzarət idarəsinin rəisi, baş ədliyyə müşaviri Rüstəm Usubov çıxış edərək, rəhbərlik etdikləri sahələrdə işlərin vəziyyətindən danışdılar, müvafiq tövsiyələrini söylədilər.
Ramiz Rzayev müşavirədə çıxış edərək dedi ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dəqiq xətt sayəsində Azərbaycan intensiv surətdə inkişafdadır. Ölkənin həyatının bütün sahələrindəki dinamik inkişaf, siyasi vəziyyətin sabitliyi Prezident İlham Əliyevin uğurla apardığı bu siyasi xəttin varisliyinə parlaq sübutdur. Bölgələrin sosial-iqtisadi vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşması, yeni iş yerlərinin açılması dövlət başçısının fəaliyyətinin öncül istiqamətidir.
R.Rzayev ölkədə kriminogen vəziyyətin ümumən sakit olduğunu bildirməklə yanaşı, bir sıra cinayətlərin artması meylindən narahatlığını vurğuladı. Məsələn, ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır cinayətlər 647-dən 708-dək, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 169-dan 202-dək, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər 175-dən 201-dək artmışdır. Dövlətə dəymiş zərərin ödənilməsi sahəsində də vəziyyət qənaətbəxş deyildir.
Natiq həmkarlarının diqqətini vətəndaşların hər bir ərizə və müraciətinə həssaslıqla yanaşmağın zəruriliyinə cəlb etdi, onları öz peşəkarlığını təkmilləşdirmək üzərində daim işləməyə, beynəlxalq konvensiyaların mahiyyətinə dərindən varmağa, istintaqın müasir metodikasına yiyələnməyə çağıraraq bildirdi ki, bütün bunlar nəticə etibarilə istintaqın keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
Müşavirədə prokurorluğun fəaliyyətinin müxtəlif cəhətləri barədə işgüzar, konstruktiv söhbət getdi, fikir mübadiləsi aparıldı. Xüsusi vurğulandı ki, insan hüquqları və azadlıqlarının qorunması, cəmiyyətin inkişafının beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi demokratikləşmə proseslərinə və hüquqi dövlət quruculuğuna müsbət təsir göstərəcəkdir.